Rəşad Mahmudov çağırış etdi: Həkim olmayan birinin invaziv tibbi müdaxilə aparması….
Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılan məlumatlarda bir şəxsin ev şəraitində və ya iş yerində qanunsuz tibbi prosedur həyata keçirməsi nəticəsində baş verən faciəli hadisə “həkim əməliyyatı”, “həkimin məsuliyyəti”, “həkimə qarşı cinayət işi açıldı” kimi başlıqlar, bu gün isə “həkimə hökm oxundu” başlığı ilə təqdim olunur.
Burada diqqətə çatdırmaq istəyirəm ki, hadisəni törədən şəxs həkim deyil. Onun heç bir tibbi təhsili, sertifikasiyası və səhiyyə sahəsində qanuni fəaliyyət hüququ yoxdur. Həmin şəxs sadəcə olaraq bir özəl klinikanın direktoru vəzifəsində olub və bu mövqedən sui-istifadə edərək insan həyatına təhlükə yaratmaqla ağır nəticəyə səbəb olmuşdur. Bu, həkimin deyil, cinayət törədən şəxsin əməlidir və məsuliyyət də peşəyə yox, həmin şəxsin özünə aid edilməlidir.
Qanunvericiliyə əsasən, hər hansı bir şəxs diplomu olmadan səhiyyə xidməti göstərərsə – bu, nəticəsindən asılı olmayaraq, xəstə sağalarsa belə – cinayət tərkibli bir əməldir.
Necə ki:
Hüquq təhsili olmayan bir şəxsin vəkil kimi çıxış etməsi qanunsuzdur,
Pilot olmayan bir şəxsin təyyarə idarə etməsi ictimai təhlükə yaradır,
Mühəndislik ixtisası olmayan birinin körpü inşa etməsi ağır nəticələr doğura bilər, eləcə də tibbi təhsili olmayan birinin invaziv tibbi müdaxilə aparması – bu işin uğurlu və ya uğursuz olmasından asılı olmayaraq – qanunsuz və cəzalandırılan bir hərəkətdir.
Bu cür halları səhiyyə işçilərinin və həkimlərin üzərinə yazmaq peşə adına ləkə salmaqla yanaşı, ümumilikdə səhiyyə sisteminə, aparılan səhiyyə islahatlarına, ixtisaslı həkimlərə olan inama ciddi zərbə vurur.
Unutmayaq ki, ölkəmizdə minlərlə həkim, tibb bacısı və digər səhiyyə işçiləri gecə-gündüz fədakarcasına insan həyatını qorumaq üçün çalışır. Fərdi, qanunsuz və məsuliyyətsiz davranışları bütün peşənin adına ümumiləşdirmək sosial ədalət və məntiq baxımından yolverilməzdir.
Media nümayəndələrini və ictimai fikir sahiblərini bu kimi hallarda daha diqqətli olmağa, peşə ilə şəxsin məsuliyyətini bir-birindən ayırmağa çağırıram. Bu hadisə həkimlik sənətini deyil, qanunu pozan bir şəxsin (cinayətkarın) məsuliyyətsiz və cinayət xarakterli davranışını əks etdirir. Ona görə də məsuliyyət peşəyə yox, həmin konkret şəxsin üzərinə qoyulmalıdır.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini
Tibb elmləri doktoru, ürək-damar cərrahı