Rəşad Mahmudov: “Fransa ümumbəşəri insan hüquqlarının qorunması prinsiplərini pozur”
Fransanın çirkli əməlləri haqqında bir neçə söz…
İdman siyasət deyil, dövlətin gücünü, nüfuzunu dünyaya nümayiş etdirsə belə, bu, sadəcə bir oyundur. İdman sağlamlıq, xalqlararası əlaqələrin gücləndirilməsi kimi qlobal əhəmiyyət daşıyır. Amma bəzən elə hallar olur ki, böyük idman hadisəsi hansısa dövlətin çirkin məqsədlərinə xidmət etmək üçün istifadə olunur.
Əslində, Fransa uzun müddətdir əlinə düşən hər fürsətdən istifadə edərək Azərbaycana qarşı təxribatlar həyata keçirməyə can atır. Rəsmi Bakının beynəlxalq nüfuzunu korlamaq və onu ləkələmək istəyən Paris heç bir əxlaq normalarına sığmayan siyasi təxribatlara, manipulyasiyalara yol verir. Olimpiya oyunlarının açılış mərasiminin yayımı zamanı Fransanın “Fr2” telekanalının efirində şərhçinin Azərbaycan əleyhinə səsləndirdiyi yersiz və təhqiramiz ifadələr buna sübutdur. Milyonlarla insanın izlədiyi yayımda otuz il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan ermənilərin “dost”, beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü bərpa edən azərbaycanlıların isə “təcavüzkar” qismində təqdim edilməsi Fransanın ucuz və səviyyəsiz manipulyasiyaları özünə rəva görən dövlət olduğunu təsdiqlədi.
Bəlkə fransızlar unudurlar ki, tarixən Olimpiya oyunları zamanı sülhə, müharibə və münaqişələrə son qoyulmasına çağırışlar edilir. Olimpizmin əsas idealları xalqlar arasında hörmət və qarşılıqlı anlaşma, insan ləyaqətinin qorunması, idman vasitəsilə şəxsiyyətin çoxyönlü və ahəngdar inkişafı uğrunda mübarizə olub. Bəs Fransa Olimpiadanın ev sahibi kimi nə ilə yadda qaldı? Görünən odur ki, Paris idman prinsiplərinə zidd mövqe, qərəz nümayiş etdirərək əsl xislətini bir daha sərgilədi. Dünya bir daha əmin oldu ki, Fransa üçün “idman siyasətdən kənardır” prinsipinin heç bir əhəmiyyəti yoxdur.
Təbii ki, Fransanın qəbulolunmaz davranışları ilə ölkəmiz barışmaq fikrində deyil. Bu təxribatla bağlı artıq Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib. Gənclər və İdman Nazirliyi və Olimpiya Komitəsi Parisin təxribatından sonra bəyanatında da ölkəmizin mövqeyi aydın şəkildə ifafə olunub. Bəyanatda xüsusilə qeyd olunur ki, Fransanın bu əməli faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin Xartiyada qeyd edilir ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Göründüyü kimi, Paris işğalçı Ermənistan kimi beynəlxalq sənədlərə etinasız yanaşır, ədalətin və haqqın yox, siyasi konyukturaya uyğun davranmağı daha üstün tutur.
BMT-nin Təhlükəsizlik Şurasnın, NATO-nın üzvü və Avropa İttifaqının yaradıcılarından biri olan Fransa unutmamalıdır ki, ümumbəşəri insan hüquqlarının qorunması prinsipləri pozmağa heç bir mənəvi haqqı yoxdur. Beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü kimi Azərbaycan bütün hallarda Fransanın təxribatlarına qarşı layiqli cavabı verir və bundan sonra da verəcək.
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü
Tibb elmləri doktoru










