Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

XALQ.xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.

Millət vəkili bildirib ki, layihə ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, adıçəkilən müəssisələrdə  istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanuna edilən dəyişikliyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Bununla yanaşı, istifadə olunan əsas anlayışlar sırasına “sosial sahəyə aid müəssisələr” anlayışının əlavə edilməsi təklif olunur.

Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputatlar Qüdrət Həsənquliyev, Bəxtiyar Əliyev öz fikir və qeydlərini söyləyiblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər