Rusiyadan Azərbaycana qarşı təxribat- Ukrayanda “SOCAR”ın bazası vuruldu
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus yanacaq anbarına beş “Şahed” kamikadze dronu ilə zərbə endirib.
XALQ xəbər verir ki, Ukrayna mənbələrinin bildirdiyinə görə, hücum nəticəsində neft bazasında yanğın baş verib, dizel borusu zədələnib və SOCAR-ın dörd əməkdaşı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ukrayna hüquq-mühafizə orqanları bildiriblər ki, dron zərbələri yüksək dəqiqliklə endirilib və hədəfin məhz SOCAR infrastrukturu olması təsadüfi deyil. Bu, son həftələr ərzində SOCAR-ın Ukraynadakı ikinci strateji obyektinin vurulmasıdır – daha öncə Orlovka yaxınlığında yerləşən Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan qazpaylayıcı stansiya Rusiya raketlərinin hədəfi olmuşdu.
Bütün bu proseslər fonunda Rusiyanın addımları siyasi və geosiyasi konteksdə daha ciddi suallar doğurur. Rusiya açıq şəkildə Azərbaycana, onun Ukrayna ilə enerji əməkdaşlığına və daha geniş mənada – Qərb strukturları ilə inteqrasiya meyillərinə qarşı mesajlar göndərir. SOCAR-ın Ukraynada vurulması bir tərəfdən Azərbaycanın Kiyevə qaz ixracını dayandırmaq məqsədi güdürsə, digər tərəfdən Vaşinqton vasitəçiliyi ilə Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinə də yönəlmiş təzyiq jesti kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, son həftələr ABŞ, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinə dair diplomatik təmaslar intensivləşib. Eyni zamanda, Azərbaycan qazının Ukrayna və digər Avropa ölkələrinə tədarükü planlaşdırılır. Rusiya isə bu addımları öz enerji və strateji təsir zonalarına təhdid kimi qiymətləndirir.
Qeyd edək ki, “Shahed” dronları İran istehsalıdır və hazırda Rusiya tərəfindən Ukrayna cəbhəsində geniş istifadə olunur. Bu fakt həm də İran-Rusiya hərbi əməkdaşlığının bir uzantısı olaraq qiymətləndirilə bilər və Bakıya qarşı ikili təhdid kimi görünür.
Bütün hallarda, SOCAR-ın vurulması Azərbaycanın enerji siyasətinə, müstəqil diplomatik manevr qabiliyyətinə və regiondakı artan nüfuzuna yönəlib.