Saatlıda 2 fevral Gənclər günü ilə bağlı tədbir keçirilib
YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral Gənclər günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, 1996-cı ildə keçirilmiş Gənclər Forumundan artıq 30 il ötür. O vaxt atılan addımlar, səslənən fikirlər və qurulan ümidlər bu gün artıq tarix deyil – onlar bu günümüzün, cəmiyyətimizin və gələcəyə baxışımızın bir hissəsinə çevrilib. Ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycan gəncliyinin ölkəmizin ictimai – siyasi, sosial – iqtisadi, elmi – mədəni həyatında və digər sahələrdə fəal iştirakından, bu gün ölkəmizdə gənclər üçün yaradılan geniş imkanlardan, gənclər siyasətinin ölkəmizdə yeni mərhələyə qədəm qoymasından ətraflı bəhs edib. Gənclərin mənəvi inkişafı, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Türkan Həsənova, Saatlı rayonu Bəylər kənd İƏD-nin baş məsləhətçisi Orxan Məmmədov və Saatlı Tibb Kollecinin media mütəxəssisi Nərmin İsgəndərova çıxışlarında bildirblər ki, bu gün ölkəmizdə gənclər yüksək vətənpərvərlik ruhuna malikdir. Gənclər dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.






















