Saatlıda “Xocalı – qan yaddaşımızdır” adlı ümumrayon anım tədbiri keçirilmişdir
26 fevral — Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar Saatlı rayonunda “Xocalı – qan yaddaşımızdır” adlı ümumrayon anım tədbiri keçirilmişdir. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Şəhidlər Abidə-Xatirə Kompleksinin ziyarəti, abidə önünə gül dəstələrinin qoyulması və şəhidlərin ruhuna duaların oxunması ilə başlamışdır. Ardınca Gənclər Evində Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalovanın və Dövlət Rəsm Qalereyasının bərpaçı-rəssamı Nazim Fərəcovun rəhbərliyi ilə fəaliyyət göstərən rəsm dərnəyinin üzvü olan uşaqların əl işlərindən ibarət, “Xocalı – uşaqların gözü ilə” adlı sərgiyə baxış keçirilmişdir.
Rəsmi hissə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, ardınca rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış etmişdir. Çıxışda Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğu vurğulanmış, faciəyə yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalıda Azərbaycan bayrağının ucaldılmasının isə tarixi ədalətin bərpası olduğu qeyd edilmişdir.
Daha sonra YAP Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışmış, şəhid ailəsi üzvü və müharibə iştirakçısı Qalib Bayramov isə hadisələrin canlı şahidi kimi xatirələrini bölüşmüşdür.



















