Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı, sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.

Bu o deməkdir ki, türkmən qazı Rusiya və Çin bazarı ilə yanaşı Avropa bazarına da çıxa biləcək. Eyni zamanda İranın regionda tranzit imkanı artır, bu da öz növbəsində rəsmi Tehranın Zəngəzur dəhlizinə münasibətini dəyişməsinə və 3+3 formatının qəbul edilməsinə öz töhvəsini verəcəkdir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanmasını şərh edərkən bildirib.

“Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

Sonra o vurğulayıb ki, “Ölkələrimiz qardaş ölkələrdir. Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”. Sənədin əhəmiyyəti barəsində isə cənab İlham Əliyev belə dedi: “…Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var”.


media-728x90banner

Bənzər xəbərlər