Sağlam və güclü vətəndaş – güclü dövlətin təminatıdır
Əziz səhiyyə işçiləri, dəyərli həmkarlar!
Sizi 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gün bizim üçün təkcə bir peşə bayramı deyil, həm də sağlamlıq uğrunda çalışan minlərlə fədakar insanın əməyinə verilən ictimai və dövlət səviyyəsində dəyərin təcəssümüdür.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizdə və hüquqi sistemimizin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu il həm də onu göstərdi ki, cəmiyyətin suverenliyinin təməlində dayanan əsas sütunlardan biri də sağlamlıqdır. Sağlam və güclü vətəndaş – güclü dövlətin təminatıdır.
Məhz bu prinsip, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin ayrılmaz hissəsi olmuş, onun “İnsan sağlamlığı – xalqın və dövlətin sərvətidir” fikri Azərbaycan səhiyyəsinin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətini müəyyən etmişdir. O, həkimlərin sosial müdafiəsinin gücləndirilməsinə, səhiyyənin maddi-texniki bazasının yenilənməsinə daim xüsusi diqqət göstərmişdir.
Bu siyasi kurs bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar paketinin əsas istiqamətlərindən biri səhiyyənin müasirləşdirilməsi, regionlarda tibbi infrastrukturun gücləndirilməsi, icbari tibbi sığortanın geniş tətbiqi və tibb işçilərinin rifahının yaxşılaşdırılmasıdır.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə səhiyyənin humanist mahiyyəti daha da ön plana çıxarılıb, xərçəng xəstəliyi, irsi qan xəstəlikləri, oftalmoloji və ürək-damar xəstəlikləri sahəsində minlərlə vətəndaşımıza ümid verilmişdir.
Əziz həmkarlar!
Bu gün Azərbaycan həkimi yalnız bir peşə sahibi deyil, o həm də cəmiyyətin mənəvi sütunlarından biridir. Xüsusilə pandemiya və Vətən müharibəsi dönəmində həkimlərin fədakarlığı bir daha sübut etdi ki, biz bu xalqın və bu dövlətin sağlamlıq qalasıyıq.
Qoy bu bayram günündə həm şəhid olmuş tibb işçilərimizin ruhunu yad edək, həm də həyatını bu şərəfli peşəyə həsr edən bütün həkim və tibb işçilərinə dərin təşəkkürümüzü bildirək.
İnanıram ki, gələcəkdə də milli səhiyyəmizin inkişafı, vətəndaşlarımızın sağlamlığının təmin olunması, gənc tibb kadrlarının yetişdirilməsi yolunda birgə səylərimiz davam edəcəkdir.
Bayramınız mübarək olsun!
Rəşad Mahmudov
Tibb elmləri doktoru,
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini