Salyanda şəhidlərimiz anıldı
Vətən müharibəsində böyük fəxarət və şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın anım gününü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik.
Salyan rayonunda 27 sentyabr- Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər.
Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını, Milli Qəhrəman Nazim Babayevin büstünü ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirələrini ehtiramla yad etmişlər.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü”nün Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir. Çıxış zamanı RİH başçısı şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Sonra mərasim iştirakçıları Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin adını daşıdığı Salyan Peşə iseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
*****
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan Ağayev Ceyhun Etibar oğlunun il mərasimi keçirildi.
Mərasimdə RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını və həmin məzarlıqda uyuyan digər şəhidlərin məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Ceyhun Ağayev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Tərtər rayonu Canyataq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.























