media-sim

Kanalizasiya daşıb, evləri və həyətyanı sahələri su basıb. Sakinlər çarəsiz durumda qalıblar. Görüntülər Sumqayıtın İnşaatçılar qəsəbəsindəndir. Sakinlərin sözlərinə görə, küçələrdə yaranan çirkab su gölməçələri səbəbindən evlərindən rahat şəkildə çıxıb hərəkət edə bilmirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Sumqayıt Su Kanal İdarəsindən “XəzərXəbər”ə bildirilib ki, şəhərin Səməd Vurğun küçəsində kanalizasiya xəttində qəza baş verib.

Qeyd olunub ki, İnşaatçılar qəsəbəsində müşahidə olunan su basma halı da məhz həmin qəza ilə əlaqədardır. Hazırda qəza-bərpa xidməti hadisə baş verən ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Aparılan işlər qısa müddət ərzində yekunlaşdırılacaq və sakinlərin qarşılaşdığı problem tam şəkildə aradan qaldırılacaq.

Redaksiyadan:

2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.

Buna baxmayaraq, kanalizasiya sularının Sumqayıt şəhər və ətraf ərazilərini basması, sistemdə nasazlıq yaranması halları mütəmadi olaraq baş verir.

Sumqayıt şəhəri ya suyun içində qalır, ya da kanalizasiya sistemləri daşır. Maraqlıdır, ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?

ADSEA şefi Zaur Mikayılov, Sumqayıt Sukanal İdarəsi və rəisi Xalid Quliyev, bu suallara cavab verə bilərmi?


media-728x90banner

Bənzər xəbərlər