Trampdan növbəti AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə yeni müzakirələrin iyunda keçiriləcəyini açıqlayıb.
Bu barədə Donald Tramp 31-ci Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
ABŞ prezidenti qeyd edib ki, administrasiyası Bakı ilə İrəvan arasında sülh məsələsinə dair məhsuldar müzakirələri səbirsizliklə gözləyir.
“Biz Ağ evdə görüşəndə Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh istiqamətində irəli addım atdıq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilən tarixi sülh sammitinin əsas sütunlarından biridir. Administrasiyamız iyunda bu mövzuda məhsuldar müzakirələri səbirsizliklə gözləyir”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri həmçinin Prezident İlham Əliyevi və Azərbaycan xalqını Bakı Enerji Həftəsinin keçirilməsi münasibətilə təbrik edib.
Tramp Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində lider rolunu vurğulayaraq bildirib ki, Vaşinqton və Bakı arasında karbohidrogen sektorunda uzunmüddətli əməkdaşlıq mövcuddur.
“ABŞ Azərbaycanın neft-qaz sənayesinin uzunmüddətli tərəfdarı olub və hesab edirəm ki, qlobal enerji təhlükəsizliyi sahəsində fundamental tərəfdaşlığımız gələcək illərdə daha da güclənəcək”, – deyə o əlavə edib.
Sonda Tramp birgə səylərin regionda sülhün möhkəmlənməsinə və rifahın artmasına töhfə verəcəyini bildirib.










