Ucarda kənd sakinləri: Yay, qış suyumuz olmur
Ucarın Əlikənd kəndinin sakinləri su problemi ilə üz-üzə qalıblar. Onlar bildirir ki, illərdir Əlikənddə su yoxdur.
XALQ-ın məlumatına görə, 70 ailənin yaşadığı Əlikənd kəndi rayon mərkəzinə məsafə baxımından ən yaxın olsa da, əhali sayına görə ikinci yerdədir. Yay aylarında yaşanan susuzluq problemi hələ də bu kənddə davam edir.
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar, ya da 18-20 metr dərinlikdə quyudan müəyyən qurğular vasitəsi ilə çıxarırlar.
Su maşınlarına isə ay ərzində sakinlərin 80-90 manat xərci çıxır. Dəfələrlə sakinlər aidiyəti qurumlara məlumat versələr də, heç bir nəticəsi olmayıb.
Sakinlər payız aylarında əkilən taxıl və ot sahələrini də suvara bilməyiblər.
Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndisi Natiq Rüstəmov “Xəzər Xəbər”ə bildirdi ki, şikayətçilərin suvarma suyu başlanğıcını Şirvan suvarma kanalından götürən R-6 paylayıcısından qidalanır. R-6 suvarma kanalı Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansındadır və əsaslı təmir işləri ilə suyun verilişində fasilələr yaranıb. Hazırda kanalda əsaslı təmir tamamlanmaq üzrədir. Tezliklə kəndin həmin ərazisində suyun verilişi və paylanması Sudan İstifadə Edənlər Birliyi tərəfindən növbəlilik qrafiki əsasında təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.