media-ulvi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi mətbuat bəyanatı bir daha göstərdi ki, Bakı ilə Budapeşt arasında münasibətlər sadəcə diplomatik protokol çərçivəsində deyil, dərin tarixi köklərə və müasir geosiyasi oxşarlıqlara söykənir. Dövlət başçısının bəyanatında yer alan fikirlər təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional və qlobal məsələlərdə Azərbaycan-Macarıstan tandeminin mühüm rol oynadığını nümayiş etdirdi. Prezidentin vurğuladığı kimi, Azərbaycan və Macarıstan bir sıra ortaq cəhətləri ilə seçilir: hər iki ölkənin əhalisi və ərazi ölçüsü bir-birinə yaxındır, hər iki dövlətin açıq dənizlərə birbaşa çıxışı yoxdur və hər ikisi müharibə aparan qonşularla həmsərhəddir. Bu oxşarlıq, dövlətlərin təhlükəsizlik çağırışlarına eyni prizmadan baxmasına səbəb olur. Məhz bu kontekstdə İlham Əliyevin “biz eyni çağırışlarla üz-üzəyik” fikri, iki ölkə arasında əməkdaşlığın təməlini təşkil edən ortaq geosiyasi baxışın ifadəsidir. Prezident Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən – yəni özünümüdafiə hüququ əsasında aparıldığını qeyd etməklə Azərbaycanın bu müharibədə hüquqi üstünlüyünü bir daha xatırlatdı. Qırx dörd gün ərzində əldə edilən qələbə Azərbaycanın suverenliyini tam bərpa etməklə yanaşı, onun beynəlxalq hüquqa sadiqliyini və ordusunun peşəkarlığını da göstərdi. Məqalənin ən vacib siyasi mesajlarından biri də budur ki, Qarabağ münaqişəsindən sonra sülh təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Prezidentin vurğuladığı kimi, sülh müqaviləsinin ilkin layihəsini də Azərbaycan təqdim etmiş, bu sənəd prinsip etibarilə Ermənistan tərəfindən qəbul edilmişdir. Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu və ATƏT-in Minsk qrupunun formal da olsa hüquqi ləğv edilməməsi sülh prosesini ləngidən başlıca amillər kimi göstərilir. Bu, Azərbaycanın bölgədə sabitlik və inkişafın əsas təşəbbüskarlarından biri olduğunu bir daha sübut edir. Prezident Əliyevin bəyanatında enerji əməkdaşlığı mühüm yer tutur. Macarıstan şirkətləri Azərbaycanın əsas neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də pay sahibidirlər. Eyni zamanda, Azərbaycanın qaz ehtiyatlarının genişlənməsi və yaşıl enerji sahəsində qarşıdakı illərdə 6 min meqavatlıq potensialın formalaşdırılması ölkənin Avropa üçün enerji təminatçısı rolunu gücləndirir. Bu baxımdan, Macarıstana qaz ixracı təkcə iqtisadi deyil, həm də geosiyasi mahiyyət daşıyır. Prezident İlham Əliyevin Macarıstanın müstəqil siyasət yürütməsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqətə layiqdir. Xüsusilə Avropa İttifaqı kimi vahid qərarvermə mərkəzində fərqli mövqe nümayiş etdirməyin çətinliyi fonunda Macarıstanın öz milli maraqlarını qətiyyətlə müdafiə etməsi Azərbaycanın da dəyərləndirdiyi bir siyasət modelidir. Bu fikirlər, həm də Azərbaycanla Macarıstan arasında dəyərlər üzərində qurulmuş səmimi münasibətlərin sübutudur. Prezident İlham Əliyevin Macarıstandakı çıxışı təkcə ikitərəfli münasibətlərin diplomatik icmalı deyildi. Bu çıxış həm də regional sabitlik, beynəlxalq hüququn müdafiəsi, enerji təhlükəsizliyi və müstəqil xarici siyasət prinsiplərinin vəhdətini ifadə edən siyasi proqram xarakteri daşıyır. Azərbaycan və Macarıstan bu strateji xətt üzərində qarşılıqlı hörmət və maraqlar çərçivəsində birgə addımlamağa davam edir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı,YAP İdarə Heyətinin üzvü

media-728x90banner

Bənzər xəbərlər