Sumqayıtda “köşk biznesi” qalmaqalı — Memarlıq İdarəsinin rəhbəri Rəşad Məmmədov kimlərin adıyla gəlir əldə edir?
Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəhbəri Rəşad Məmmədovun fəaliyyəti son günlər sosial mediada və yerli ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İdarə rəisinin qanunsuz gəlirlər və sui-istifadə hallarına yol verdiyi barədə yayılan iddialar artıq şəhər sakinlərinin də narazılığına çevrilib.
Rəşad Məmmədovun rəhbərliyə təyin olunduğu gündən sonra şəhərdə aparılan “memarlıq işləri” çoxlarının diqqətini çəkib. Prezidentin şəhid və qazi ailələrinin sosial təminatlarının gücləndirilməsi ilə bağlı tapşırıqlarından sui-istifadə edildiyi iddia olunur. Belə ki, Sumqayıt küçələrində gecə saatlarında müxtəlif konstruksiyalı köşklər quraşdırılır, sorğuya cavab olaraq isə həmin köşklərin “şəhid və qazi ailələrinə məxsus” olduğu bildirilir.
Lakin Bakunews.az-a daxil olan məlumatlarda bu köşklərin arxasında fərqli məqsədlərin dayandığı qeyd olunur. İddialara görə, Rəşad Məmmədov şəhid və qazilərin adından istifadə etməklə, bu obyektləri öz nəzarətinə alır, daha sonra sənədləşdirərək satışını həyata keçirir. Hər yeni köşkdən müəyyən “şirinlik” alındığı, həmin ailələrin isə bu prosesdə yalnız simvolik şəkildə istifadə olunduğu bildirilir.
Mənbələrin sözlərinə görə, Rəşad Məmmədov bundan əvvəl də şəhərdə binaların birinci mərtəbələrinin obyektə çevrilməsi proseslərində aktiv rol alıb. Lakin gəlirin az, əziyyətin çox olduğunu gördükdən sonra köşk biznesinə yönəlib. Hazırda Sumqayıtın bir çox küçələrində bu tip “memarlıq əsərləri” peyda olub və onların əksəriyyəti eyni konstruksiya ilə inşa edilir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Rəşad Məmmədovun özünə və ailəsinə məxsus əmlaklarla bağlı paylaşımlar da yayılmışdı. Həmin məlumatların qısa müddət sonra müəmmalı şəkildə silinməsi isə diqqətdən yayınmayıb.
Məsələ ilə bağlı qarşı tərəfin – Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəhbəri Rəşad Məmmədovun mövqeyini öyrənməyə çalışır.
Mövzuya dair rəsmi açıqlama daxil olduqda, ictimaiyyətə təqdim ediləcək.BakuNews.az