media-mahirr

2025-ci il avqustun 8-i Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də bütövlükdə Cənubi Qafqazın siyasi tarixində mühüm mərhələ kimi yadda qaldı. Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan-Ermənistan sülh prosesində mühüm siyasi irəliləyişlər əldə olundu. Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzaladılar, iki ölkənin xarici işlər nazirləri isə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.

Vaşinqton görüşünün əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan sülh gündəliyi ilə məhdudlaşmadı. Görüş, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə oldu. İki ölkə arasında qarşılıqlı maraqlara və strateji əməkdaşlıq perspektivlərinə əsaslanan əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yarandı. Bu baxımdan, Vaşinqtonda əldə olunan nəticələr Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasi-diplomatik xəttin, eləcə də regionda formalaşmış yeni reallıqların beynəlxalq müstəvidə möhkəmlənməsinin mühüm göstəricisi kimi qiymətləndirilə bilər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu sənəd iki ölkə arasında münasibətlərin daha geniş və uzunmüddətli əməkdaşlıq gündəliyi əsasında inkişaf etdirilməsi üçün institusional zəmin formalaşdırdı.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılmasına dair sərəncam imzalandı. Bu addım Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi atmosferin formalaşmasının mühüm göstəricilərindən biri oldu.

Vaşinqton görüşünün mühüm nəticələrindən biri də ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ə birgə müraciətinin imzalanması oldu. Bununla tərəflər artıq tarixi əhəmiyyətini itirmiş və mövcud siyasi reallıqlara uyğun gəlməyən vasitəçilik mexanizminin aradan qaldırılması istiqamətində konkret siyasi mövqe nümayiş etdirdilər. Birgə Bəyannamədə ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarın qəbul edilməsinə çağırış da öz əksini tapdı.

Vaşinqton Zirvə Görüşünün mühüm nəticələrindən biri də regionda kommunikasiyaların inkişafı və yeni nəqliyyat bağlantılarının yaradılması ilə bağlı razılaşmalar oldu. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsinin irəli sürülməsi Cənubi Qafqazın nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsini, eyni zamanda, regionun beynəlxalq ticarət və tranzit potensialının reallaşdırılmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, Vaşinqtonda əldə olunan nəticələr – Birgə Bəyannamənin imzalanması, sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması, regional kommunikasiyaların açılması ilə bağlı razılaşmalar, eləcə də Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair yeni sənədlərin imzalanması – bir-birini tamamlayan və vahid siyasi məntiqə söykənən addımlardır.

Nəticə etibarilə, Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurma və münaqişə gündəliyindən sülhün, dövlətlərarası münasibətlərin qurulmasının və regional əməkdaşlığın təşviq edilməsinin yeni gündəliyinə keçid baxımından mühüm mərhələ oldu. Qarşıda duran əsas vəzifələr əldə olunmuş razılaşmaların ardıcıl və tam şəkildə həyata keçirilməsi, sülh sazişinin imzalanması və ratifikasiyası, habelə regional kommunikasiyaların açılmasıdır. Bu proseslərin ardıcıl və davamlı şəkildə həyata keçirilməsi Cənubi Qafqazda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması üçün yeni imkanlar yarada bilər.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə siyasi, diplomatik və iqtisadi sahələrdə əldə etdiyi mühüm nəticələrin məntiqi davamıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, regional nəqliyyat və enerji layihələrində rolunun artması, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşması ölkəmizin Cənubi Qafqazda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi və siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi isə ölkəmizin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşmasında aparıcı rolunu daha da gücləndirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər