Xaçmazda Həcc ziyarətinə yollanacaq şəhid ailələri, qazi və ağsaqqalla görüş keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətində Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə həcc ziyarətinə yollanacaq şəhid ailələri, qazi və ağsaqqalla görüş təşkil olunub.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, müqəddəs ziyarətə hazırlaşan beş nəfər – üç şəhid ailəsinin nümayəndəsi, bir qazi və bir ağsaqqal, həmçinin ötən il ziyarətə gedən şəxslər iştirak ediblər.
Görüşdə çıxış edən rayon rəhbəri və deputat həcc ibadətinin mənəvi əhəmiyyətindən, dövlətimizin dinə və dini dəyərlərə göstərdiyi yüksək diqqətdən danışıblar. İştirakçılara səmimi arzular bildirilib, ziyarətlərinin qəbul olunması və sağ-salamat Vətənə dönmələri dilənilib. Qeyd edilib ki, belə tədbirlər xalqımızın mənəvi birliyinin və milli dəyərlərə bağlılığının bariz nümunəsidir.

















