Xaçmazda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 15 İyun tarixinin xalqımızın yaddaşında əbədi qaldığını vurğulayıb. Qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir və ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər məhz həmin tarixi qurtuluşun bəhrəsidir.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov çıxışında partiyanın fəaliyyət istiqamətlərindən, Ümummilli Liderin ideyalarına sadiqlikdən və bu gün gənclərin siyasi fəallığının artırılmasından danışıb. O, 15 İyunun təkcə bir tarix deyil, həm də xalqımızın iradəsinin və dövlətçilik ənənələrinin təntənəsi olduğunu bildirib.
Tədbirdə həmçinin partiya fəalları və ictimaiyyət nümayəndələri çıxış edərək, tarixi əhəmiyyət kəsb edən bu günün mahiyyəti, ölkəmizdə yaranmış sabitlik və inkişaf prosesi barədə fikirlərini bölüşüblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.






















