Xaçmazda şəhidlərimizin əziz xatirəsi yad edilib-Fotolar
20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib
Xaçmaz rayonunda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi önünə əklil qoyub.
Mərasim iştirakçıları Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, xaçmazlı şəhidlərin, eləcə də 20 Yanvar şəhidi Zahid Abdullayevin xatirə lövhəsi önünə tər qərənfillər düzüblər. Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın milli azadlıq və dövlətçilik arzularını tam reallaşdırıb.
Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
























