Xırdalanda ANTİSANİTAR VƏZİYYƏT: “Konteynerlər boş qalır, tullantılar yol kənarına atılır” – VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığı zibil poliqonuna çevrilib.
Bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, “Riyad” Ticarət Mərkəzi yaxınlığında sakinlər məişət tullantılarını zibil konteynerlərinə deyil, yol kənarına atıb gedirlər. Nəticədə ətrafda böyük bir zibil poliqonu yaranıb.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yer hüququ şəxsə məxsus özəl ərazidir.
“Ərazinin təmiz saxlanılması ilə bağlı bir neçə dəfə şirkətə xəbərdarlıq edilib. Qeyd edək ki, yaxınlıqda yaşayan sakinlər tərəfindən məişət tullantıları atılaraq ətraf mühit çirkləndirilib. Yaxın ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər mövcud olsa da vətəndaşlar məişət tullantılarını yol üzərində olan bu hissəyə atırlar. Öz növbəmizdə sizin vasitənizlə sakinləri məişət tullantılarını konteynerlərə atmağa, ətraf mühiti çirkləndirməməyə çağırırıq”, – deyə açıqlamada bildirilir.










