Xocalıda aşkarlanan kütləvi məzarlıq beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır
“Xocalı rayonunda aşkarlanmış daha bir kütləvi məzarlıq – əl və ayaqları bağlı şəkildə torpağa gömülmüş vətəndaşlarımızın qalıqları – Ermənistanın müharibə cinayətlərinin və insanlığa qarşı törətdiyi vəhşiliklərin növbəti təsdiqidir. Bu fakt, uzun illərdir beynəlxalq hüququn gözardı etdiyi ədalətsizliklərin bariz sübutudur.
Milli Məclisin deputatı Fatma Yıldırımın açıqlaması deyib
Bu gün biz yalnız keçmişin izlərini deyil, həm də regionda davamlı sülh və etimad quruculuğu prosesinin qarşısında duran əsas maneəni görürük. Mülki şəxslərin qeyri-insani şəkildə qətlə yetirilməsi və gizli şəkildə basdırılması Ermənistanın BMT nizamnaməsinə, Cenevrə Konvensiyalarına və insan hüquqları prinsiplərinə zidd olan davranışının açıq göstəricisidir.
Azərbaycan dövləti bu məzarlıqlarda tapılan şəhidlərin kimliyinin müəyyənləşdirilməsi və onların ailələrinə təhvil verilməsi üçün bütün zəruri tədbirləri görür. Lakin bu faktlarla paralel olaraq beynəlxalq ictimaiyyətin də öz məsuliyyətini dərk etməsinin zamanı çoxdan çatmışdır.
Biz bir daha dünya birliyini – xüsusilə beynəlxalq insan hüquqları və ədalət institutlarını – bu cür qaranlıq səhifələrin üzərinə işıq salmağa və Xocalı faciəsi də daxil olmaqla, Ermənistanın törətdiyi hərbi cinayətlərə hüquqi-siyasi qiymət verməyə çağırırıq.
Azərbaycan xalqı üçün bu məsələ təkcə keçmişin deyil, həm də ədalətli gələcəyin tələbidir.”