Yasamalda faciəvi yanğın: 3 ö*ü və yaralılar var
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
FHN-dən XALQ-a verilən məlumata görə, hadisə ilə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
***
Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.
****
Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.





















