Yasamalda “Müasir Azərbaycan:Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib
Yasamal rayonunda “Müasir Azərbaycan:Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib.
XALQ.AZ xəbər verir ki, tədbir Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, ötən 21 ilə nəzər salanda, dövlət başçısının xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini görürük.
Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin zəngin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib.
Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Əldə olunan tarixi Qələbələrdə bunu bir daha sübut edib.



























