Mayın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məruzəsi dinlənilib .

XALQ-ın məlumatına görə,  İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı barədə bu komitənin rəyini təqdim edib.

O, insan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator institutunun yaradılmasının 20 ilinin tamam olduğunu qeyd edərək, hüquq-mühafizə orqanlarının dövlətçiliyə xidməti və sədaqətinin, Ulu öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığının müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2003-cü ildə yenicə Prezident seçilən İlham Əliyev ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların bir nömrəli müdafiəçisi olduğunu nümayiş etdirib.

Komitə sədri xatırladıb ki, 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda istismarın bir neçə forması müəyyənləşdirilib və bunlar – məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsindən ibarətdir. O, qeyd edib ki, Milli Məclisə təqdim edilən Məlumat təkcə Baş İdarənin deyil, ölkə üzrə 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin nəticəsidir. Sənəd 4 istiqamət üzrə, o cümlədən cinayətin qarşısının alınması, qurbanlara yardım və müdafiə, cinayətkarların təqibi və beynəlxalq əməkdaşlıq tədbirlərini özündə ehtiva edir.

Zahid Oruc deyib ki, məlumatda “2025─2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığı bildirilir. Digər məsələ, gizli xarakterə malik transmilli cinayətin şəbəkə halında informasiya texnologiyaları-kiberməkanda qarşısının alınmasıdır. O, insan alveri-traffikinginin sosial şəbəkələr üzərindən yeni tranzit kanallarının aşkarlanması və təqibi, on-line məkana köçən kibercinayətlərin qarşısının alınması sahəsinə də xüsusi diqqət göstərildiyinin təqdirəlayiq olduğunu söyləyib. İnsan alverinin yoxsulluq, əhalinin səmərəli məşğulluğu, təhsil, sosial müdafiə və digər sahələrə də təsir göstərdiyini qeyd edib. Bununla yanaşı, bildirilib ki, beynəlxalq hesabatlarda insan alveri sahəsində qlobal indeks və reytinqlərdə ölkəmiz müsbət indikatorlara malikdir.

Komitə sədri qeyd edib ki, Baş İdarəyə vətəndaşların etimadının mühüm göstəricilərindən biri “152” qаynаr xəttinə 10.254 zəngin edilməsidir. Ötən illərlə müqayisədə müraciətlərin artması problemə həssas münasibətin göstəricisidir. O, nəzərə çatdırıb ki, son 20 ildə insan alveri üzrə cinayətlərin ümumi sayı 2.532 təşkil edib. Müxtəlif illərdə dinamika dəyişib, hazırda isə dövlətin sistemli tədbirləri hesabına sabit bir tendensiya müşahidə olunur.

Bildirilib ki, məlumatın son illərdə daha da genişləndirilən, keyfiyyət əsaslı təhlili və statistik əlavələrdən ibarət infoqrafikalarla müşayiət olunması aydın təsəvvür və qərar qəbuletmə üçün mötəbər mənbədir.

Çıxışının sonunda komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, təkliflərini səsləndirib.

 


media-728x90banner

Bənzər xəbərlər