Zahid Oruc: ”Nümunəvi ailə obrazlarını bütün ictimai və media platormalarında təqdim və təbliğ etmək”..
Zahid Oruc:” Nümunəvi ailə obrazlarını bütün ictimai və media platormalarında təqdim və təbliğ etmək”..
Ailə Qadın və uşaq məsələri üzrə Dövlət Komitəsinin keçirdiyi “Gənc ailə” forumu özünün əhəmiyyətinə görə milli təhlükəsizlik mahiyyəti daşıyır. Dünyada gedən müharibələrin ən amansızı bir milləti öz varlığından çıxarıb onu hegemon xalqların içərisində əritmək və yox etməkdir. Coğrafi işğalların sonradan geri dönüşü var, lakin assimilyasiyaya uğradılan və yer üzündən silinən toplumlar bir daha həyata qayıtmırlar.
Hər bir dövlət dünyaya ən qiymətli resursu-ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı olan Azərbaycanın ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və əsrlərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailələnin vahid Vətəni kimi çıxış edir.
işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi.
30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir.
Əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq:
Ulu öndər Heydər Əliyev şəxsi nümunəsi ilə örnək ailə obrazı olduğu üçün deyirdi: “Ailə dəyərləri, ənənələri, milli-mənəvi dəyərlərə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Məhz həmin ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə yetişən nəsillə öyünərək, andiçmə mərasimində deyir, sitat:” Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlamdır, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi hər bir gənc və uşaq üçün əsasdır…Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın, hər bir ailənin və dövlətin qarşısında durur”.
2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Müasir Azərbaycan ailəsi” Analitik Hesabatının hazırki tədbirlə səsləşən bir neçə eleemntini burada xatırlatmaq yerinə düşər. Axtardığımız suallar ondan ibarət idi ki,
Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrin vəhdətini özündə ehtiva edir, onların unikal birliyini əks etdirir.
Azərbaycanda uşaqlı və nikahı olan cütlük dominant ailə modeli kimi qəbul edilir.
İctimai müzakirələrdə boşanmaların artması, məişət zorakılığı xüsusi vurğulansa da sorğular müasir azərbaycanlı ailəsinin emosional tərəflərə daha çox önəm verdiyini göstərir.
Müasir Azərbaycan insanının valideyn rolu-bir tərəfdən övlada münasibətdə fədakarlıq, digər tərəfdən, fərdi maraqların vurğulanması indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq, daxili təbəddülatlara sövq edir.
Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir.
Hesabatın tərtib olunmasında əsas məqsəd müasir Azərbaycan cəmiyyətinin ictimai fikrində ailə ilə bağlı qeyd olunan mühüm məsələlərin necə yer almasının və bu sahədə təkrarlanan tendensiyaların sosial tədqiqatçılar və ailə problemləri ilə maraqlanan geniş oxucu kütləsinə təqdim edilməsidir.
İnkişafının hazırki mərhələsində müasir ailə institutu bir tərəfdən milli mədəniyyətin, tarixi varisliyin, digər tərəfdən isə çağdaş dövrün sosial-siyasi-iqtisadi şərtlərinin, qlobal və yerli təsirlərin çuğlaşmasının nəticəsidir. Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrə uyğun cəhətləri ehtiva edir, onların unikal birliyini əks etdirir.
Hər bir cəmiyyətdə müxtəlif ailə modelləri eyni zamanda mövcud olsa da, adətən onların biri dominantlıq təşkil edir. Çox zaman ictimai şüurda məhz ailə modellərindəki fərqlər üzərindən müxtəlif cəmiyyətlər – “biz” və “onlar” arasında xəyali sərhədlər müəyyənləşdirilir. Sorğu nəticəsi Azərbaycanda uşaqlı və nikahı olan cütlüyün dominant ailə modeli kimi qəbul edilməsini təsdiqləyir. Digər modellər ya istisna hal kimi (dul, boşanmış uşaqlı ailələr, uşaqsız ailələr), ya da ictimai qınaq obyekti kimi görülür (məs, nikahsız ailələr).
İctimai müzakirələrdə yer alan mühüm problemlər arasında boşanmaların artması, məişət zorakılığı kimi hallar olsa da, sorğularımız əslində müasir azərbaycanlının ailənin emosional tərəflərinə daha çox önəm verdiyini göstərir. Yəni, indiki insanlar (istər qadın, istər kişi olmaqla) ailəyə, ailə üzvləri ilə münasibətlərin emosional tərəflərinə əslində daha çox tələbkardır, daha çox gözləntiləri vardır. B yüksək tələbkarlıq ailə münaqişələrinə daha həssas yanaşmasına, bəzi hallarda isə dözümsüz münasibətə gətirir.
Müasir Azərbaycan insanının valideyn rolu ilə bağlı hissləri daha mürəkkəbdir. Çünki o, dünyada mövcud olan bir-birinə zidd ideologiyaların təsirinə məruz qalır. Bir tərəfdən övlada münasibətdə fədakarlıq, digər tərəfdən fərdi maraqların vurğulanması indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq, daxili təbəddülatlara sövq edir.
Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. Lakin bu cəhətlərin möhkəmlənməsi öz ailəsinin əvvəlki nəsillərinə marağından, öncəki nəsillərin nümayəndələrini tanımasından çox dərəcədə asılıdır. İnformasiya əsrində insanların öz ailə tarixini öyrənmək istiqamətində marağının təşfiqi, vətəndaşlara öz soykökünü araşdırmaq imkanı yaratmaq üçün müvafiq arxiv materiallarının daha çox əlçatanlığını təmin etmək ailə dəyərlərinin təbliğində mücərrədlikdən konkretliyə keçməyə imkan verməklə, ailə institutunun möhkəmləndirilməsində daha effektiv hesab edirik.
Ailədə iqtidar münasibətləri 1. Ənənəvi ailə modelində şaquli istiqamətli iyerarxiya, kiçiklərin böyüklərə, qadınların kişilərə tabeliyi önəm kəsb edir. Müasir ailə modelində buna fərqli baxışlar var. Bəzi cəmiyyətlər var ki, ordabərabərlik üzərində qurulan münasibət tipinə üstünlük verilir. Sorğu nəticələrinə əsasən respondentlərin 95,1%-i ailə başçısının olmasını mütləq olduğunu, 4,9%-i bunun əksini düşünür. Suala cavab verməkdə heç bir respondent çətinlik çəkməmişdi.
Ailəni təməli. Bilirik ki, ailə qurularkən onun təməlində bir çox amillər durur. Onların bəziləri ənənəvi cəmiyyətlərə və ailələrə, digərləri isə daha çox müasir dövrə xasdır. Müasir Azərbaycan insanının ailənin təməllərinə münasibətinə baxaq.
Rəyi soruşulanlara “Ailə qurarkən aşağıdakılardan hansıları daha vacib hesab edirsiz?” sualına respondentlərin 79,8%-i ailə quranlar arasında qarşılıqlı anlayış və hörmətin olmasını, 70.9%- i ailə quranlar arasında sevgi hisslərinin olmasını, 52.3%-i isə ailə quranların müstəqil yaşaması üçün kifayət qədər gəlirinin olmasını, 50.5% – i evlənənlərin ailələri arasında isti münasibətlərin olmasını, 33.6%- i isə evlənənlərin yaş uyğunluğunu qeyd ediblər.
Növbəti beşlikdə yer alan amillər isə belə sıralanmışdır:
Evlənənlərin eyni dini mənsubiyyətə malik olması – 31.5%;
Yeni ailənin ayrıca evinin olması – 28.5%;
Evlənənlərin eyni milli mənsubiyyətə malik olması – 17.9%;
Ailə quranların eyni təhsil və mədəni səviyyədə olması – 17.6%;
Evlənənlərin həmyerli olması – 7.9%.
Ailədə gender rolları. Ailəni xarakterizə edən mühüm cəhət – ailədəki gender rollarına münasibətə nəzər salaq. Bilirsiniz ki, ölkəmizdə qadınların kifayət qədər hissəsi haqqı ödənilən peşə fəaliyyətindədir. Bununla belə, respondentlərdən “Ailəni təmin etmək kişinin, ev işləri ilə məşğul olmaq qadının işidir” mühakiməsinə münasibət bildirmələri istənilmişdir. Bu mühakimə özündə ailə nizamına ənənəvi yanaşmanı ehtiva edir. Rəyi soruşulanların 68,3%-i bu fikirlə tamamilə, 18,8%-i əsasən razı olduğunu bildirmişdi. Tamamilə razı olmayanlar 7,5%, əsasən razı olmayanlar isə 5,2%-dir. Yəni, ailənin ənənəvi gender nizamını ifadə edən bu mühakimə ilə ümumilikdə razılaşanlar 87,1%, razı olmayanlar isə 12,7%-dir.
Ümidvarıq ki, bu nəticələr dövlətimizin gündəliyində olan “Azərbaycanın 2025-2050 Ailə Strategiyası”nda nəzərə alınacaqdır.
“Böyük Qayıdış” proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, “Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi”nin salınmasını arzu edirik. Azad edilmiş torpaqlarımıza gəncliyin nəfəsini, qurub-yaratmaq əzmini və demoqrafik artımı təmin edən siyasətə ehtiyacımız var. Bir sözlə, boşanan cütlükləri deyil, nümunəvi ailə obrazlarını bütün ictimai və media platormalarında təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir.
Vətən müharibəsi ilk növbədə, Azərbaycan ailəsinin xilası uğrunda idi. Biz sübut etdik ki, məcburi köçkünlük bizi mənəvi didərginə çevirməyib və ölkəmizin hər qarışı bizim varlığımızda yaşayır. Ona görə də gənc ailələrin sayı çoxaldıqca Zəfərimiz əbədi olacaq və ölkə başçısının dediyi kimi, bizim xalq da sevinməyib bəs hansı xalq öz Qələbəsinə sevinəcək. Artıq məğlubiyyət və işğal dövründə doğulanları fərqli nəsil əvəz edir. Biz elə etməliyik ki, islam dünyasının meracı kimi, gələcəyimizə “Qələbədən doğulanlar” adı verilsin!












