Zəfər dövrünün II-ci seçimi-Etibar Əliyev yazır
Milli Məclisə növbədənkənar seçkilərin elan olunduğu 28 iyun tarixindən etibarən cəmiyyətin gündəmində əsas mövzulardan biri seçkilərdir. Mərkəzi Seçki Komissiyası (MSK) mövcud qanunvericiliyə uyğun olaraq seçkiyə hazırlıq prosesini qrafik üzrə davam etdirir.
MSK sədri Məzahir Pənahov ilk mətbuat konfransında seçkiləri izləmək üçün beynəlxalq təşkilatları Azərbayana dəvət edib. Artıq MSK dəvətinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan(DTİHB) müsbət cavab gəlib. Mediada yayılan məlumata görə, uzunmüddətli missiya üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib. Əvvəlki seçki təcrübələrinə istinad etsək, başqa nüfuzlu beynəxlaq qurumlar da parlament seçkilərini izləmək üçün Azərbaycana müşahidəçilərini göndərəcəklər. MSK-nın iki gün əvvəl açıqladığı məlumata görə, qısa müddətdə millət vəkili seçilməyə iddialı olan 156 nəfər Dairə Seçki Komissiyalarına müraciət edib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti seçkilərdə iştirak etmək niyyətini açıqlayıb və namizədlər siyahılarını ictimaiyyətə təqdim ediblər. Proses davam edir…
Beləliklə, Milli Məclisə növbədənkənar seçkilər cəmiyyətin gündəmində əsas mövzuya çevrilib və qarşıdakı 2 ayın əsas ictimai-siyasi hadisəsi birmənalı olaraq seçimlər olacaq.
Bu, demokratik inkişafda olan ölkələr üçün adi normadır və Azərbaycanda seçki prosesi də bütün parametrləri ilə ona uyğun olaraq davam edir. Amma görünür, prosesin cəmiyyətin, ölkənin ümumi mənafeyinə, əksər siyasi iştirakçıların maraqlarına uyğun getməsi daxildəki bəzi marginal qrupları ciddi narahat edir. Seçkidə, ölkəmizin siyasi sistemində özünü görə bilməyən “siyasətçilər” və onlara xidmət edən, xaricdən internet üzərindən yayılan propoqanda alətləri onu gözdən salmağa uğursuz cəhdlər edir. Köhnə “reseptlər”, boykot tezislərini dövriyəyə buraxan eyni simalar onu təkrarlamaqla məşğuldur.
Maraqlı məqam odur ki, bu dəfə onlar hakimiyyət nümayəndələri və müstəqil ekspertlərlə polemika deyil, eyni düşərgədə olan dostları ilə arqument davasına çıxırlar. Onların çürük, heç bir siyasi əsası olmayan, perspektiv vəd etməyən, cəmiyyətin ümumi mənaelərinə zidd olan iddialarının cavabı elə öz düşərgələrindən verilir.
Qeyd etdiyim kimi, Azərbaycan cəmiyyəti seçki prosesinə köklənib,siyasi iştirakçılıq yüksək səviyyədədir, beynəlxalq təşkilatlardan da seçkilərə böyük maraq var. Bunun qarşılığında ikrah doğuran siyasitaftalogiya, qarayaxma kampaniyaları, pedantçılıq, qabiliyyətsizliyi boykot kimi mənasını çoxdan itirmiş “taktikanın” arxasında gizlətmək cəhdləri 1 sentyabr seçkilərinə kölgə salmaq iqtidarında deyil.
Şübhəsiz ki, bu seçkilər də Konstitusiyaya, qanunlarımıza, Prezident cənab İlham Əliyevin siyasi iradəsinə dayanaraq uğurla keçiriləcək,xalqımız öz seçimini edəcək və VII çağırış Milli Məclis daha peşəkar
tərkiblə dövlətimizə və xalqımıza xidmət edəcək.
Etibar Əliyev
Fəlsəfə doktoru










