Zəka Mirzəyev yeznəsini müavin, xalası oğlunu direktor təyin etdi? -İlginc fakt
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.
Zəka Mirzəyev
Xəbərə görə, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.
Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik.
Maraqlıdır, Z.Mirzəyev xalası oğlu və bacısının yoldaşını müəyyən vəzifələrə təyin edən zaman onları hər hansı müsabiqə, yoxlama və ya seçim mərhələsindən keçiribmi?
Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərmişik. Lakin hələlik bununla bağlı sorğuya cavab verilməyib.
Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.Tribunainfo.az
****
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.
DSMF-dən bildirilib ki, heç bir fakta əsaslanmadan dərc edilən, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır:
“Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.
Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər.
Qeyd edilən yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq, bu təkzib məlumatını dərc etməyi xahiş edirik”.