ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başladı
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir.
Razılaşmaya əsasən tərəflər əlvan metal filizi yataqlarının dağ-mədən şəraitinin qiymətləndirilməsi, tədqiqi, həmçinin bu sahədə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə məsləhətləşmələr, filizlərin və ətraf süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi üzrə fikir mübadiləsi edəcək.
Cəmiyyət universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi “AzerGold”da işlə təmin olunacaq.
ADNSU-nun müəllim və tələbə kollektivi isə “AzerGold”-un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq.













