Döyüş meydanında qələbəmiz bizim siyasi qələbəmizi də təmin etdi
Əliabbas Salahzadə, Milli Məclisin deputatı:
– Ağdamın işğaldan azad edilməsi də bu tarixin yeni səhifələrindən biridir
2020-ci ilin sentyabr-noyabr ayları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli hərbi-siyasi, diplomatik addımları, əsl sərkərdəyə xas keyfiyyətləri, düşmənlə 44 günlük mürəkkəb, gərgin şəraitdə manevrlər etmək qabiliyyəti və müzəffər ordumuzun qəhrəmanlıq əzmi xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu.
“Biz tarix yazırıq, yeni tarix!” deyimi də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, dövlət başçımız cənab İlham Əliyevin xalqa son müraciətindən götürülüb. Hər dəfə olduğu kimi, ölkə başçısının növbəti çıxışını da çox böyük maraqla izlədik və təbii ki, qürur hissi keçirdik. Ümumiyyətlə, tarixə düşən o 44 gün ərzində hər bir azərbaycanlının diqqəti Ali Baş Komandana yönəlmişdi. Azad olunmuş torpaqlarımız barədə qələbə müjdələrinin, vaxtaşırı xalqa müraciətlərin, dünyanın ən populyar telekanalarına verdiyi müsahibələrin fövqündə çox böyük inam hissinin durması elliklə – uşaqdan böyüyədək hər kəsi sevindirirdi.
Ağdamın erməni tapdağından qurtulması da bu silsilədən idi. Özü də güllə atmadan, qan tökmədən, şəhid vermədən erməni quldurları o torpaqlardan çıxmaq məcburiyyətində qaldılar. Prezidentimizin təbirincə desək, döyüş meydanından qələbəmiz bizim siyasi qələbəmizi də təmin etdi.
Dövlət başçımızın Ağdam kimi bir rayona xüsusi önəm verməsi təsadüfi deyil. Çünki bu bölgə nəinki Qarabağda, həm də Azərbaycanda əhalisi və ərazisinə görə iri rayonlardan biridir. İşğala qədər əhalisi 173 min nəfər idisə, indi həmin rəqəm 204 mini ötüb. Elə bu səbəbdəndir ki, “Ağdamın bərpası üçün bizim xüsusi planımız olacaq” deyir. Yeri gəlmişkən, ağdamlılar hər iki Qarabağ müharibəsində düşmənə qarşı igidliklə vuruşmuş, xeyli sayda şəhidlər vermişlər. Azərbaycan Prezidentinin xalqa son müraciətində bunu vurğulamasını, torpaqlarımız uğrunda canından keçən bütün igidlərimizə olan ehtiramın əlaməti kimi də qəbul etmək olar.
“Bizim Böyük Qayıdış planımız var”, – deyə ölkə başçısı bildirir. Prezident öz çıxışında Quzanlıda aparılan böyük quruculuq işlərindən də bəhs etdi. Bundan əlavə, biz bunu Cocuq Mərcanlının da timsalında gördük. Ona görə xalqımız əmindir ki, 30 il ərzində erməni vəhşiliyinə məruz qalan doğma torpaqlarımızın hamısı yenidən dirçəldiləcək və sözün əsl mənasında laləzara çevriləcəkdir. Artıq bu işlərə start verilib və Alxanbəyli-Füzuli-Şuşa yolunun çəkilməsi işinə başlanıb. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.
Vəhşi, yırtıcı xislətə malik ermənilər indi də Kəlbəcərdə yanğınlar törədirlər. Əslində bununla onlar özlərini bütün dünyada biabır edir, kimliklərini göstərirlər. Azərbaycan Prezidenti xalqa son müraciətində deyir: “30 il ərzində Ermənistan müstəqil ölkə ola bilmədi. Nə qazandılar? Heç nə. Bütün dünya qarşısında rəzil oldular. İnd idə rəzil durumda bir-birini qırırlar… Türkiyəyə, bizə və digər qonşu dövlətlərə torpaq iddiaları. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir!”
Dövlətimizin başçısı haqlı olaraq qeyd edir ki, biz bölgəni erməni faşizmindən qurtardıq, biz dünyanı erməni faşizmindən qurtardıq. Bəlkə də heç faşistlər də bu qədər yırtıcı, qəddar və qaniçən olmayıblar! Onlar 44 gün ərzində nə qədər dinc sakinlər yaşayan ərazilərimizi bombaladılar, qadağan olunmuş raketlərdən istifadə etdilər?! 94 dinc sakinin, 404 nəfərin isə yaralanması, vətəndaşlarımızın evlərinin dağıdılması nə deməkdir?! Bu, açıqdan-açığa müharibə cinayətləri törətmək, beynəlxalq hüquq normalarına məhəl qoyulmaması demək idi. Çünki erməniləri indiyədək cəzalandıran olmayıb. İndi isə vaxtıdır: Ermənistanın keçmiş və indiki başçıları bütün bunlara görə cavab verəcək! Bu qələbədən sonra biz beynəlxalq səviyyədə təzminat qaldıracağıq.
Daha erməni yalanları yeriməyəcək. Guya Dağlıq Qarabağda 90 min erməni əhalisi yaşayırmış. Hələ daha böyük yalanlarla bu rəqəmi bir az “püfləyərək” utanmadan 150 minə çıxarırlar. Azərbaycan Prezidenti xalqa son müraciətində konkret faktlarla həmin rəqəmin uzaqbaşı 60-65 min nəfər olduğunu bildirdi. İştahları köhnə illərə gedib, indi də ara-sıra muxtariyyatdan dəm vururlar. Onsuz da belə sevdaya düşənlər yalnız Azərbaycan qanunlarına riayət etməyə razılaşanlar ola bilər. Buna isə hələ zaman lazımdır…
Azərbaycanın bu qələbəsi sanki yatmış, mürgüləmiş dünyanı oyatdı. İndi dünya mediyası erməni vandalizmindən yazır, xarici telekanallar əsgər və zabitlərimizin şücaətindən bəhs edən reportajlar və süjetlər yayımlayır. Hərçənd, ağa qara deyənlər sırasında Fransa Prezidenti “liderlik” etsə də, dövlət başçımızın çevik diplomatiyası nəticəsində artıq Emanuel Makron geri addım ataraq, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıq-aydın bəyan etdi. Bu addımı ilə Makron həm də Fransa Senatında Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınması üçün irəli sürülən qətnamənin üzərindən xətt çəkir. Makronla yanaşı Rusiya Prezidenti Putin də Qarabağın Azərbaycanın suverenliyinə daxil olduğunu ikitərəfli telefon danışığı zamanı vurğulayıb.
İndi də bəzi qüvvələr Azərbaycanın Rusiya ilə münasibətlərinə kölgə salmaq cəhdi göstərirlər. Halbuki, müharibənin gedişatında Rusiya ATƏT-in Minsk Qrupunun yeganə həmsədri kimi obyektiv və ədalətli mövqe sərgilədi. Necə deyərlər, doğruya zaval yoxdur!
Qoy kim nə deyir, desin. Əsas odur ki, biz qalibik! Ölkə başçısının sözləri ilə desəm, indi güc amili ön plana çıxıb. Biz isə güclü olduğumuzu nəinki ermənilərə, həm də bütün dünyaya sübut etdik.
Cənablar, imkan verin, mane olmayın, axı biz tarix yazırıq, özü də yeni tarix!










