Aşıq Şəmşirin nəvəsi öz babasına şeir həsr etdi
Azərbaycan aşıq sənətinin ustadlarından olan Dədə Şəmşirin doğma nəvəsi, Milli Mədəni İnkişafa Dəstək İctimai Birliyinin sədri Nahid Şəmşirlinin öz babasına həsr etdiyi şeiri sizlərə təqdim edirik.
Boşuna dolanır, bihudə dönür,
Bu dünyanın halı bəllidir, Dədə.
Dilbilməz hər kəsdən üzlü, qırmızı,
Yalançı hamıdan dillidir, Dədə.
Şəkəri acıdır, balı bal deyil,
Qarası qaradır, alı al deyil,
Kimdən soruşursan, halı hal deyil,
Könlü bulanıqdır, lillidir, Dədə.
Bu da bir axirət, son gün nağlıdır,
Suçlular kimlərdir, kimlər haqlıdır?
Suların aynası qaşqabaqlıdır,
Kirlidir, xal-xaldır, çillidir, Dədə.
Nahid Şəmşirli











