Ata oğlunun evini yandırdı
Şəkidə ailə münaqişəsi zəminində ata oğlunun yaşadığı evi yandırıb.
XALQ.AZ-ın məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndinin Qumux qəsəbəsində Xəlilov Rafiq İsa oğlunun yaşadığı, ümumi sahəsi 32 kv/m olan fərdi yaşayış evində baş verib.
Yanğın zamanı evdə olan əşyaların hamısı yanaraq külə dönüb.
Əraziyə FHN Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Rafiq Xəlilovun və qonşularının verdiyi məlumata görə, yanan ev sənədlə Rafiq Xəlilovun atası 61 yaşlı İsa Xəlilova məxsusdur. Rafiq Xəlilovun dediyinə görə, evi onun atası İsa Xəlilov yandırıb. Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.
Yanğınsöndürənlərin səyi nəticəsində evə bitişik digər yaşayış evi yanğından mühafizə olunub.
Faktla bağlı Şəki şəhər Polis İdarəsi araşdırmaya başlayıb.











