Azərbaycanda seçkilər ədalətli, şəffaf və demokratik olmuşdur
Oktyabrın 10-da “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Rusiya İctimai Palatasının müşahidəçilər qrupunun mətbuat konfransı olmuşdur.Xalq.az AzərTAc-a istinadən xəbər verir ki, müşahidəçilər qrupuna Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə komissiyalararası işçi qrupu rəhbərinin müavini Sergey Markov, seçki prosesinə ictimai nəzarət üzrə işçi qrupunun rəhbəri Georgi Fyodorov və millətlərarası münasibətlər və vicdan azadlığı komissiyasının üzvü Fatima Albakova daxildirlər.
Rusiya İctimai Palatasının müşahidəçilər missiyası təsdiq etmişdir ki, “prezident seçkiləri ölkənin qanunlarına və beynəlxalq normalara müvafiq şəkildə keçirilmişdir”.
S.Markov bildirmişdir ki, qrup, o cümlədən bölgələrdə 24 seçki məntəqəsində olmuşdur. Marşrutu özləri seçmişlər. Ekspertlərin ümumi rəyi budur ki, seçkilər ədalətli, şəffaf və demokratik keçmişdir. Kiçik qüsurlar seçkilərin nəticələrinə təsir göstərməmişdir.
Başqa missiyaların da seçkiləri müsbət qiymətləndirdiklərini vurğulayan S.Markov qeyd-şərtsiz qələbə münasibətilə İlham Əliyevi təbrik etmişdir.
S.Markov demişdir: “Zənnimcə, seçkilərdə İlham Əliyevə qələbəni iki amil – iqtisadiyyatın yüksək artım sürəti, habelə ölkənin neft və qazdan əldə olunan, sosial proqramların icrasına və müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinə yönəldilən gəlirləri təmin etmişdir. İlham Əliyevin liderlik siyasəti üslubunu siyasi liderlik modeli adlandırmaq olar. Eyni zamanda hesab edirəm ki, qüvvələrin ətrafında birləşməsi və müxalifətin zəifliyi onun müvəffəqiyyətinin səbəbi olmuşdur”.
Müşahidəçilər missiyasının digər üzvləri – G.Fyodorov və F.Albakova da seçki prosesinə dair fikirlərini bölüşmüşlər.
Ekspertlər xalq və hakimiyyət tandeminin birliyini, qeyri-adi vəhdətini, seçkilər barədə müsbət təəssüratlarını vurğulamışlar.











