featured-image-41286

Bahali

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror məşhur tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümü ilə nəticələnən qəzanı törətməkdə ittiham edilən Xalid Mədətovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

XALQ.AZ-ın məlumatına görə, ittiham tərəfi Mədətovun qəzanı sərxoş vəziyyətdə törətdiyini sübuta yetirildiyini açıqlayıb. Hərçənd ki, Xalid Mədətov özünün sərxoş olmadığını bəyan edir. Xalid Mədətov hadisənin diqqətsizliyi üzündən baş verdiyini deyərək vurduğu ziyanı ödəməyə hazır olduğunu bəyan edib. Zərərçəkən tərəf isə bu təklifdən imtina edib. Onlar Mədətovdan maddi təzminat istəmədiklərini açıqlayaraq, yalnız onun cəzalandırılmasını xahiş ediblər.

Bu prosesə xüsusi diqqət cəlb edən məşhur tarzənin ailə üzvlərinin ölümü ilə yanaşı hadisəni törədən Xalid Mədətovun “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu olmasıdır.

Xatırladaq ki, Zığ şossesinin hava limanına doğru hərəkət edən yolun bir hissəsində baş verən qəzadan dərhal sonra yaxınlarını itirən Ağasəlim Abdullayev prezidentə müraciət edərək hadisənin dəqiqliyilə araşdırılmasına yardımçı olmağı xahiş etmişdi. Bundan sonra Mübariz Mədətov “Xəzər Dəniz Gəmiçiliyi”ndə tutduğu vəzifədən azad edilmişdi.

Dövlət Yol Polisi isə yollarda bahalı avtomobillərlə kobud qayda pozuntusu törədən şəxslərə qarşı mübarizəni gücləndirmişdi və bu məsələ daim gündəmdə saxlanılırdı. Respublika Baş Dövlət Yol Polisi İdarəsində hesab edirlər ki, bu tədbirlər nəticəsində avtoxuliqanlıq hallarının sayı azalıb.

Respublika Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, bu ayın 6 ayı ərzində 313 nəfər avtoxuliqanlığa görə saxlanılıb, onlara qarşı 500 AZN-dən 750 AZN-ə qədər cərimələr tətbiq edilib.

Kamran Əliyevin sadaladığı cərimələr yalnız avtoxuliqanlara heç bir qəza halı törətmədikdə tətbiq edilir. Qəza törətdikdə üstəlikdə içkili vəziyyətdə avtomobil idarə etdikdə isə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin müvafiq maddələrilə cəza tətbiq edilir. Növbəti belə qərarı gözləyən şəxslərdən biri isə Xalid Mədətovdur. Onun işi üzrə prosesdə vəkillərin çıxışından və müttəhimin son söz deməsindən sonra hakim qərar çıxarmalıdır.


media-728x90banner

Bənzər xəbərlər