Bu, elə də vacib deyilmiş…
Alimlər hər kəsin mütləq 8 saat yatmalı olması ilə bağlı fikri şübhə altına alıblar.
Bu barədə New York Post-da dərc olunan yazıda bildirilir. . Yeni araşdırmaya görə, ideal yuxu müddəti insandan insana dəyişə bilər.
Araşdırmada qeyd olunur ki, sənayeləşmədən əvvəlki cəmiyyətlərdə insanlar daha çevik yuxu rejiminə malik olublar.
New York Post Məsələn, Tanzaniya, Namibiya və Boliviyada yaşayan bəzi icmaların gündə orta hesabla 5,7–7,1 saat yatdığı müəyyən edilib. Onlar gecə yuxusunun azlığını gündüz yuxusu ilə də kompensasiya etməyiblər.
Başqa bir analiz isə sənayeləşmədən əvvəlki cəmiyyətlərdə insanların orta hesabla 6,4 saat yatdığını göstərib.
Bəs 8 saat yuxu lazımdırmı?
Alimlər bildirirlər ki, yuxuya olan ehtiyac insanın fərdi xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılıdır. Bəzi böyük araşdırmalarda sağlamlıq üçün optimal yuxu müddətinin 6,4–7,8 saat arasında ola biləcəyi müəyyən edilib.
Lakin bu, 8 saat yatmağın zərərli olduğu anlamına gəlmir. Bir insan üçün 8 saat ideal ola bilər, digərinə isə daha çox və ya daha az yuxu lazım gələ bilər.
Böyüklər neçə saat yatmalıdır?
Milli Yuxu Fondunun tövsiyələrinə görə, 26–64 yaş arası böyüklər sutkada 7–9 saat yatmalıdır. Fərdi ehtiyac isə təxminən 6–10 saat arasında dəyişə bilər.
Mütəxəssislər vurğulayırlar ki, əsas məsələ yalnız yuxunun müddəti deyil. Yuxunun keyfiyyəti, rejimin davamlılığı və səhər insanın özünü nə qədər dincəlmiş hiss etməsi də vacibdir.
Əgər 8 saat yatdığınız halda mütəmadi olaraq yorğun oyanırsınızsa, bu, orqanizminizin fərqli yuxu müddətinə ehtiyacı olduğuna işarə edə bilər.










