featured-image-9402

71

Rus təfəkküründə oturuşmuş dəyərlər var. Əsrlər keçsə də onlar dəyişmir. Təkcə klassik ədəbi nümunələr deyil, eləcə bütün siyasi tarixi boyu cəzalandırma kultuna sahib olan bir millət gözü qarşısında dar ağacları və gilyotina bıçağı görməyəndə darıxır və qəribsəyir. Görünür, yoldaş Stalin rəhbərlik etdiyi imperiyanın bu cəhətini yaxşı bildiyindən tamaşanı bol edirdi ki, kütlələr ehtizaza gəlsin və sosial ehtiyaclar arxa planda qalsın. Vladimir Putinin Rusiyasında da vəziyyət eynidir.

Budur, 21-ci əsrdə bir ölkənin bötövlüyünə dair baxışlar feodal münasibətlərindən heç nə ilə fərqlənmir. Rus kommunistləri mental olaraq dəyişməyin onlar üçün mümkünsüzlüyünü növbəti dəfə nümayiş etdirirlər. Züqanovun vətənpərvərlik anlayışı yeni repressiya və həbslər dalğası vəd edir.
“Rusiyanın bölünməsinə dair rəsmi çağırışlar qanunla cəzalandırılmalıdır”, – bu fikirlər artıq bəyanatlardan hüquqi sənədlərə daşınıb və Baş nazirin masası üzərinə yatırılıb. Hər gün ekranlarda, informasiya məkanında ölkəsinin ərazi bütövlüyünə edilən mənəvi-siyasi qəsdlərə laqeyid qalmaq istəməyən parlamentarilər hərəkətə keçiblər. Artıq belə “küfr əməllərdə” bulunanlar statuslarından asılı olaraq 30-100 min rubla qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum olmaqla “qaynar beyin”lərinin bədəlini ödəyəcəklər.
Doğrudanmı, Rusiyanın tamlığına qəsd real təhlükə halına gəlib. ”Qafqazları yedirtməyə son qoymağa” çalışan, yaxud Kurili Yaponiyaya, Sibiri Çinə bağışlamağa hazır olan yeni ruslar sadəcə millətçiliyin və şovinizmin qurbanı deyillər. Keçmişdə oxşar ssenarilərin hansı ağır nəticə verdiyindən onların məlumatsızlığını iddia etmək də yanlış olardı. Hər halda söhbət heç də qanunvericilərin söylədiyi kimi informasiya müharibəsinin ağır nəticələrindən getmir. İndi rus intellegensiyası daha aydın dərk edir ki, cəza vasitəsilə dövlətin toxunulmazlığını təmin etmək olmaz. Əks halda Sovetlər Birliyini qoruyub saxlamaq mümkün olardı.
Rusiya özünün böyüklüyündən xəstələnib. Dünyada belə coğrafiyalarda istənilən avropalı xalqlar ruslardan 100 dəfə yaxşı yaşayardılar. Biz onların təbii resurslarını sadalamaq fikrində deyilik. Lakin bədəni özünə ağırlıq edən və hətta kardon ayaqlı bu ölkədə əksfikir sahiblərini QULAQ etməklə və hamısını “boşboğaz” adlandırmaqla hər birini vətənpərvər etmək qeyri-realdır. Ona qalsa Belçikada flamandlar, yaxud valoniyalılar gərək vətənə xəyanət maddəsi ilə kütləvi cəza katorqasına göndərilsinlər. Yaxud, kataloniyalıları İspaniya hökuməti gərək çarmışxa çəksin. Axı sadə bir məntiq var ki, yaxşı ölkədən kim ayrılmaq istəyər. Nə üçün Sovetlər rejimi “xalqların həbsxanası” adlandırılırdı? Lakin hətta buna baxmayaraq sovet Konstitusiyaında demokratik bir maddə-öz müstəqilliyini elan etmək hüququ formal da olsa, saxlanmışdı. İndi çoxmillətli bir ölkəni demokratik düzənə qovuşdurmadan bütün işğalların baiskarı olan Kremlin cazibədarlığını və əvəzolunmazlığını təsdiqləyə bilməzsən.
Rusiya Abxaziyanı hansı Şərtlə ilhaq edibsə, çeçenlər də eyni yol xəritəsinə söykənib azadlığına qovuşmaq istəyirdi. Sadəcə Dudayevin buna fəhmi çatmadı və onu böyük siyasi-hərbi hərracda daha ucuz satan Qərbə qədərindən artıq inanırdı. Siyasətdə isə Taleyran ölsə də, taleyrançılıq həmişə qalib gəlir!
Qonşunda sülh istə ki, evində hüzur olsun! Biz Rusiyanın əmin amanlığında onlardan çox maraqlıyıq. Çünki fillər savaşanda ayaqları altındakı torpaqda 7 il ot bitmir!

media-728x90banner

Bənzər xəbərlər