Bu gün Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması birmənalı olaraq Azərbaycanın növbəti diplomatik uğurudur və bunun da bir neçə səbəbi var.

1. Əlbəttə, düşünmək olar ki, ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 5-ci bəndində “münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması” nəzərdə tutulmuşdu və Monitorinq mərkəzi də məhz bu çərçivədə yaradılıb. Təbii ki, 10 noyabr bəyanatı mərkəzin yaradılması üçün ilkin hüquqi bazadır, lakin, unutmayaq ki, hüquqi bazanın mövcudluğu heç də həmişə prosesin reallaşması üçün həlledici rola malik olmur. Məsələn, BMT kimi ali ümumbəşəri orqanın 4 qətnaməsi kifayət qədər ciddi hüquqi sənəd olmasına baxmayaraq 28 il icra edilmədi və nəhayət beynəlxalq hüququn aliliyini Azərbaycan öz gücünə təmin etməli oldu. Bu mənada 10 noyabr Bəyanatının 5-ci bəndinə müvafiq olaraq, imzalanmadan cəmi 2 ay yarım sonra Monitorinq mərkəzinin yaradılması və Türkiyənin Qarabağda mövcudluğuna nail olunması 3 tərəfli bəyanatın işlək sənəd olmasının mühim göstəricidir.

2. Türkiyə bizim üçün qanı bir, canı bir qardaş dövlətimizdir. Türkiyə sülhməramlılarını bölgədə görmək hər bir azərbaycanlının ümdə gözləntisi idi. Lakin, etiraf edək ki, Türkiyə əsgərinin Qarabağa gəlişi Türkiyə ilə münasibətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq, heç də digər region dövlətləri tərəfindən arzuedilən hesab olunmurdu. Belə bir mürəkkəb situasiyada, Azərbaycanın Qarabağda Türkiyənin mövcudluğuna nail olması, rəsmi Bakının əvvəlki dövrlərdən fərqli olaraq, məhz Prezident Əliyevin qətiyyəti sayəsində regionda proseslərin axarına diqtə etmək gücünə malik dövlətə çevrildiyini göstərdi.

3. Rusiya sülhməramlılarının ümumi fəaliyyəti yaxşı qiymətləndirilsə də, bəzi addımlar, məsələn xəritə qalmaqalı, sülhməramlı qüvvələrin komandanlığının separatçılarla intensiv və yersiz görüşləri cəmiyyətimizi zaman-zaman narahat etməkdə idi. Məhz Prezident İlham Əliyevin səyləri nəticəsində Türkiyənin Qarabağa gəlişi, bu günə qədər müşahidə edilən özfəaliyyət davranışlarına, habelə sülhməramlı komandanlığın qeyri-peşəkar münasibətləri təkrarlamamasına əhəmiyyətli təsir edəcək. Bununla da sülhməramlıların fəaliyyəti fonunda Azərbaycan-Rusiya münasibətlərində mümkün narahatlıq riskləri minimuma enəcək.

4. Son bir neçə ildə Avropada islamafobiya və antiTürkiyə meyilləri müşahidə olunmaqda, habelə, Qərb getdikcə Rusiyaya münasibətdə sanksiyaları gücləndirməkdədir. Nəticə etibarı ilə Avroatlantik məkanla kəskinləşən münasibətlər fonunda Türkiyə və Rusiya arasında yaxınlaşma aydın hiss edilir. Azərbaycanın Rusiya-Türkiyə münasibətləri üçün ilk birgə fəaliyyət platformasına çevrilməsi, Azərbaycanın iki supergücün münasibətlərində faktiki koordinator funksiyalarını üzərinə götürməsi, nəinki cənubi Qafqazda, ümumilikdə MDB məkanında, habelə, Yaxın və Orta Şərqdə rəsmi Bakını yeni siyasi güc mərkəzinə çevirmiş oldu.

5. Türkiyənin Qarabağda mövcudluğu Ermənistanda xarici dairələrdən, habelə, bəzi hallarda isə elə Rusiya sülhməramlılarının “özfəaliyyət”indən güc alan revanşist dairələr üçün də kəsilmə nöqtəsi olacaq. Əlbəttə, 44 günlük müharibədə Azərbaycan düşmənə “Dəmir yumruğun” nəyə qadir olduğunu göstərdi, bundan sonra da istər düşməni, istər düşmənin havadarını yerlə-yeksan etmək üçün gücümüz də iradəmiz də mövcuddur. Lakin, biz yeni münaqişə arzu etmirik və Türkiyənin bölgədə mövcudluğu münaqişəni yenidən alovlandırmaq istəyən kənar güclər üçün vəziyyəti tamami ilə dəyişəcək. Təsadüfi deyil ki, Monitorinq mərkəzinin açılması münasibəti ilə, Azərbaycan Prezidentinin Türkiyə və Rusiyalı həmkarları ilə ayrılıqda baş tutan telefon danışıqlarında da dövlət başçıları bu mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.

6. Münaqişəyə güc yolu ilə son qoymaqla beynəlxlaq hüququn tələbini yerinə yetirmiş, Azərbaycanın süveren ərazi bütövlüyünü təmin etmiş Prezident İlham Əliyevin son hədəfi bölgədə sülh və stabilliyə nail olmaqla yanaşı, həm də regional əməkdaşlıq platforması yaratmaq, yeni iqtisadi reallıqlar mühiti formalaşdırmaqdır. Postmüharibə dövründə bu məqsədlərə nail olmağın ilk şərti isə heç şübhəsiz ki, kommunikasiyaların bərpasıdır və istər 10 noyabr, istərsə də 11 yanvar bəyanatlarının mətnində bu məsələ xüsusi vurğulanır. Sülhməramlı missiyanın monitorinqini birgə həyata keçirməklə Türkiyənin Rusiya ilə ortaq fəaliyyəti öz növbəsində tərəflər arasında nəqliyyat-kommunikasiya xətlərinin qurulması və bərpasını da ideyadan zərurətə çevirəcək.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər