Əksər parametrlər üzrə müzakirə olunan büdcə layihəsində cari ilin büdcəsi ilə müqayisədə xeyli artım nəzərdə tutulmuşdur.

Qeyd etməliyəm ki, 2021-ci ilin büdcə layihəsini son illərin ən tutumlu, məzmunlu maliyyə sənədi hesab etmək olar. Təhsil, səhiyyə, ordu quruculuğu-milli təhlükəsizlik, sosialyönümlü və s. xərclər əhəmiyyətli dərəcədə atmış, imkansız ailələrin övladlarının ali təhsil almasını təmin etmək üçün 80 milyon manat kredit nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş rayonların bərpasına 2,2 milyard manat nəzərdə tutulmuşdur.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirb.

Deputat qeyd edib ki, ədalət naminə qeyd etmək yerinə düşər ki, Milli Məclisin əksər deputatları ümumi vəziyyəti düzgün qiymətləndirərək, seçildikləri rayonların problemlərinindən daha vacib olan ərazilərin bərpası məsələlərinə üstünlük verdilər. Təbiət boşluğu sevmir. Hesab edirəm ki, hal-hazırda ölkəmizin qarşısında duran ən aktual məsələ azad olunmuş rayonların məskunlaşdırılmasıdır. 27-28 il ərzində bədnam qonşular işğal etdikləri əraziləri məskunlaşdırmaqla bağlı dövlət proqramları, bir çox şirnikləndirici tədbirlər həyata keçirsələr də, buna nail ola bilmədilər. Əvəzində əsrarəngiz təbii gözəllikləri cəhənnəmə çevirdilər. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında bir dənə də olsa salamat bina, ev qalmamışdır. Xirosimanı xatırladan bu ölü şəhərlər erməni vəhşilərinin əsil simasını göstərir. Təbiətə, tarixə, mədəniyyətə, ekologiyaya, digər millətlərə göstərilən ermənisayağı münasibət beynəlxalq təşkilatlar, elmi mərkəzlər tərəfindən tam araşdırılmalı və hüquqi qiymətini almalıdır. İnanıram ki, zaman gələcək, bəşəriyyət üçün təhlükə mənbəyi olan “erməni xəstəliyi” psixoloqların, psixiatrların, kriminalistlərin, filosofların, sosioloqların elmi araşdırma predmeti olacaqdır. Hələlik dünya bu təhlükəni görməzdən gəlir. “Biz bu əraziləri cənnətə çevirəcəyik” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfəri zamanı səsləndirmişdir. Prezidentliyi dövürdə verdiyi ən çətin vədləri belə yerinə yetirən ölkə Başçısının, bu məsələləri də həll edəcəyinə qətiyyən şübhə yoxdur. Artıq müvafiq tapşırıqlar verilmiş, aidiyyəti strukturlar bərpa proqramları üzərində çalışırlar. Yaxın gələcəkdə həmin rayonlarda tam fərqli mənzərənin şahidi olacağıq. Təxmini hesablamalara görə erməni işğalı nəticəsində infrastruktura, iqtisadiyyata, təbiətə, tarixə, mədəniyyətə, vətəndaşlara dəymiş zərər 800 milyarda bərabərdir. ANAMA-nın mütəxəssisləri təkcə ərazinin minalardan tam təmizlənməsi üçün 13 il vaxt lazım olduğunu bildirirlər. 44 günlük müharibədə biabırçılıqla darmadağın olmalarına baxmayaraq, ermənilər savaş ritorikasından nəinki əl çəkmir, hətta revanş çağırışları səsləndirirlər. Buna görə də düşünürəm ki, ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi və məskunlaşdırma prosesi sürətləndirilməlidir. Bölgədə iqtisadi fəallığın artması, problemin təbii yolla həllinə gətirib çıxaracaqdır. Ermənilərin köçəri millət olması və yüksək miqrasiya statistikası bunun sübutudur. Beləliklə, işğal altında olmuş rayonların bərpası üçün milyardlarla vəsait lazımdır və ciddi maliyyə resurslarımızın olmasına baxmayaraq, kifayət deyil. Cəmiyyətdə bu məsələlər geniş müzakirə predmeti olduğu üçün bəzi düşüncələrimi Sizlərlə bölüşmək istərdim. Bir daha təkrar edirəm, hökumət tərəfindən bu istiqamətdə lazım olan bütün tədbirlər görülür. Bərpa, məskunlaşdırma işlərinin operativ təşkil edilməsi üçün geniş tədbirlər planı hazırlanmalı, mərkəzi və yerli icra orqanlarının vəzifələri dəqiqliklə göstərlməlidir.

—Düşünürəm ki, ərazilərin minalardan təmizlənməsi üçün əsasən bizə dost olan ölkələrdən əlavə mütəxəssislər və texnologiya cəlb olunmalı, ərazi bölgüsü aparılmalı,maksimum prosesi sürətləndirilməklə torpaqları dövriyəyə qaytarmalıyıq.

—Respublikanın digər bölgələrində olduğu kimi, bütün kəndlər üzrə təsərrüfat başına subyektlər dəqiqləşdirilməli, aqrar islahatlara başlanmalıdır. Bu məsələlərdə yerli icra hakimiyyəti orqanlarının üzərinə çox böyük məsuliyyət düşür. Məhz onların sağlam, ədalətli münasibətlərindən, təşkilatçılıq qabiliyyətindən çox şey asılıdır. Heç kim üçün sirr deyil ki, həmin rayonlardan olan vətəndaşlarımızın müəyyən hissəsi Rusiyada, başqa ölkələrdə, eyni zamanda ölkə daxilində bizneslə məşğul olur. Yerli icra orqanları onların hər birisi ilə əlaqə yaratmalı, heç olmasa öz evlərinin, kəndlərinin bərpasına təşviq etməlidirlər. Hər bir insan vətənpərvərlik nümunəsi göstərməklə, dövlətin yükünü azaltmağa çalışmalıdır. Hər bir rayonun ayrılıqda büdcədən kənar “bərpa fondu” yaradılması məqsədə uyğun olardı. Belə bir fondun yaradılması xaricdə və ölkədə yaşayan həmin rayonların sakinlərini bir araya gətirməklə, sağlam rəqabət mühiti formalaşdırmış olardı.

— Bələdiyyələrin formalaşdırılmasında İsveç modelindən istifadə etməklə, hər bir kiçik kənddə inkişaf perspektivi olmayan kiçik bələdiyyələrdən imtina edilməsi faydalı olardı. Müdafiə nazirliyinin işğaldan sonra təqdim etdiyi kadrlardan görünür ki, həmin rayonlarda pərakəndə şəkildə salınmış çoxsaylı, bəzi hallarda bir neçə evdən ibarət kəndlər olmuşdur. İnfrastruktur layihələrinin icrası, maliyyə və torpaq resurslarından səmərəli istifadə baxımından həmin kəndlərin birləşdirilməsi olduqca vacibdir. Gələcəkdə özünü maliyyələşdirmə və sosial inkişaf perspektivi baxımından da effektiv olardı.

—Şəhərlərdə, qəsəbə və kəndlərdə infrastruktur layihələri, kommunikasiya xəttləri, inzibati binalar, sosial obyektlər dövlət tərəfindən icra olunmalı, fərdi evlərin isə, icra orqanlarının təsdiq etdiyi layihələrə uyğun olaraq vətəndaşlar tərəfndən inşa olunması işin sürətləndirilməsi ilə nəticələnərdi. Burada özfəaliyyət yol verilməzdir, ancaq bütün kəndlərdə evlərin eyni tipli, eyni ölçülü tikilməsini doğru hesab etmirəm. Maddi İmkanlarından asılı olaraq, tikinti normalarını qorumaqla, vətəndaşlara bəyəndikləri layihə üzrə evlərini tikmək üçün şərait yaradılmalıdır. İmkansız vətəndaşlara faizsiz ipoteka krediti verilə bilər. Belə yanaşma gələcəkdə turizmin inkişafına da təkan verə bilər.

—Yenidənqurma və bərpa işlərində 100 minlərlə işçi qüvvəsinə ehtiyac yaranacaqdır. Bu prosesə ölkənin digər regionlarından fiziki cəhətdən sağlam, əsasən o rayonların işğaldan azad olunmasında iştirak etmiş müharibə veteranlarımızı cəlb etmək, peşə ixtisası olmayanların operativ hazırlıq kurslarına cəlb edilməsi, ümumilikdə ölkə üzrə məşğulluq səviyyəsinin artması ilə nəticələnər. Arzu edənlər həmin rayonların daimi sakinlərinə çevrilə bilərlər.

— Hər bir rayonun iqtisadiyyatı, yerli spesifik xüsusiyyətləri, əmək vərdişləri nəzərə alınmaqla formalaşdırılmalıdır. Əsas prinsip ondan ibarət olmalıdır ki, torpaq, yeraltı və yerüstü təbii sərvətlər, insan kapitalı olduğu halda, özünü maliyyələşdirmə subyekti yaratmaq mümkündür. Normal investisiya mühiti yaratmaqla, qısa zaman kəsiyində buna nail olmaq olar. Müharibədən sonrakı Almaniyanın bərpası təcrübəsindən yararlanmaq pis olmaz. Etiraz edə bilərlər ki, orada “Marşal planının” xüsusi rolu olmuşdur. Bəli,ancaq belə bir plan olmadan belə dövlətimizin və xalqımızın potensialı imkan verir ki, problemlərin öhdəsindən layiqincə gələk. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, post-sovet ölkələri arasında mövcud olan ən çətin problem hesab olunurdu. İyirmi birinci əsrdə, analoji münaqişələr arasında yeganə problemdir ki, super gücə malik dövlətlərin iradəsinin əksinə olaraq öz ədalətli həllini tapdı. Qarabağı azad etmək hər bir azərbaycanlı üçün şərəf, namus məsələsi idi. Belə bir çətin məsələnin öhdəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək peşəkarlığı, zərgər dəqiqliyi ilə hesablanmış siyasi gedişləri, beynəlxalq nüfuzu və Müzəffər Ordumuzun sayəsində gəldik. Qarşıda daha bir şərəfli vəzifə durur. İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə biri birindən gözəl şəhər və kəndlərimiz bərpa olunacaq və bütün dünya xalqımızın nəyə qadir olduğunun bir daha şahidi olacaqdır.


media-728x90banner

Bənzər xəbərlər