Dünyanın ilk trilyonçusu
ABŞ-nin kosmik texnologiyalar şirkəti “SpaceX”in rekord həcmli ilkin kütləvi səhmləşməsi (IPO) nəticəsində İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşaraq, onu dünyanın ilk trilyonçusu edib.
SpaceX”in IPO-su zamanı şirkət 75 milyard dollar vəsait cəlb edib.
Səhmlərin satışından əvvəl “Forbes” İlon Maskın sərvətini təxminən 780 milyard dollar qiymətləndirirdi. Yeni qiymətləndirmələrə əsasən isə onun xalis sərvəti 1,1 trilyon dolları ötüb.
Məlumata görə, Maskın sərvətinin əsas hissəsi “SpaceX”dəki payından formalaşır. Şirkətdəki səhmlərinin dəyəri təxminən 866 milyard dollar hesablanır. “Tesla” və digər biznes aktivləri də nəzərə alındıqda, sahibkarın sərvəti trilyon dollarlıq həddi keçib.
Bildirilir ki, investorların “SpaceX”ə marağı təkcə şirkətin fəaliyyət göstəriciləri ilə deyil, həm də Maskın biznes vizyonuna olan inamla bağlıdır.
Bununla yanaşı, Mask son illərdə “Tesla” ilə bağlı hüquqi çəkişmələr, səhmdarların narahatlıqları və siyasi fəaliyyəti səbəbindən tez-tez mübahisələrin mərkəzində olub. Buna baxmayaraq, investorların ona olan etimadı zəifləməyib.
“JPMorgan Chase”in baş direktoru Ceymi Daymon isə İlon Maskı “bizim Eynşteynimiz” adlandıraraq onun texnologiya və innovasiya sahəsindəki rolunu yüksək qiymətləndirib.










