Gənclərimizi elə tərbiyə etməliyik ki, Azərbaycan uğrunda hər cür fədakarlığa hazır olsunlar
Sentyabrın 27-də başlayan və 44 gündən sonra Azərbaycan ordusunun şanlı qalibiyyəti ilə başa çatan Vətən Müharibəsinin ölkəmizin qəhrəmanlıq tarixində müstəsna yer tutduğu birmənalıdır. Odur ki, bu tarixin orta məktəb dərsliklərində də öz əksini tapması günümüzün ən vacib, zəruri məsələlərdən biri kimi qarşıda dururdu. Sevindiricidir ki, Təhsil Nazirliyi dərsliklərdə mühüm yeniliklər həyata keçiriləcəyini, Vətən Müharibəsi qəhrəmanlarının tanıdılacağını bildirib.
Vətən Müharibəsi ilə bağlı həqiqətlərin dərsliklərdə yer alması, müharibə qəhrəmanlarımızın məktəblilərə tanıdılması tariximizin təbliği, yeniyetmələrin vətənpərvəlik ruhunda tərbiyəsi baxımından nə dərəcədə əhəmiyyətlidir?

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov Təhsil Nazirliyinin məlum addımını alqışladığını bildirib:
“Vətən Müharibəsi hər şeydən öncə bizim qəhrəmanlıq tariximizdir. Bu tarixin kitablarımızda – istər dərsliklərdə, istər də qeyri-dəsrliklərdə öz əksini tapması, ən müxtəlif üsul və vasitələrlə yaşadılması və təbliğ edilməsi olduqca vacibdir.
Bu bir həqiqətdir ki, bizim bu günə qədər başımıza gələn müsibətlərin əsas səbəblərindən biri unutqanlığımız olub. Bu səbəbdən də çalışmalıyıq ki, gənc nəsil Azərbaycanın tarixi torpaqları, ərazi bütövlüyü, bu ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən qəhrəmanlar haqqında dolğun məlumata sahib olsun. Biz gənclərimizi, gələcək nəsilləri vətən və torpaq sevgisi ilə böyütməliyik. Biz onları elə tərbiyə etməliyik ki, onlar Azərbaycan uğrunda hər cür fədakarlığa hazır olsunlar. Bu gün biz bunu eləməsək, bugünkü tarixi unutsaq, o zaman bəlli bir müddətdən sonra yenə oxşar problemlərlə, oxşar faciələrlə qarşılaşa bilərik. Bu baxımdan Təhsil Nazirliyinin məlum qərarını təqdir edir və alqışlayıram.
Vətən Müharibəsi və bu müharibənin qəhrəmanları haqqında həm dərsliklərdə, həm təbliğat materiallarında, həm muzeylərdə, həm bədii əsərlərdə, həm publisistikada ətraflı məlumatlar yer almalıdır. Vətən Müharibəsi və bu müharibədə qalibiyyətimizi təmin edən qəhrəmanları, onların fədakarlığını unutmağa mənəvi haqqımız yoxdur. Əgər unudarıqsa, zaman bizi bağışlamaz. Odur ki, dərsliklərdə Vətən Müharibəsi qəhrəmanları ilə bağlı məlumatlar nə qədər tez yerləşdirilsə, bu iş nə qədər operativ təşkil edilsə, o qədər yaxşı olar.
Bunu da qeyd edim ki, Vətən Müharibəsinin şəhid qəhrəmanları ilə yanaşı, müharibəni qazi olaraq başa vuran qəhrəmanları da çoxdur. Bu qəhrəmanları auditoriyalara dəvət etmək, bu canlı qəhrəmanlarla şagirdlərin, tələbələrin görüşünü təşkil etmək də olduqca faydalı olar. Bu cür görüşlər gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb edər, onların fikir və düşüncəsinə, baxış tərzinə müsbət mənada ciddi təsir göstərər”.










