İlham Əliyev Ərdoğana zəng etdi
Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
Azərbaycan lideri bu dəhşətli faciədə həlak olanlara uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaq.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
İlham Əliyev Ərdoğana zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
XALQ.AZ xəbər verir ki, dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

















