İlham Əliyevin Litvaya rəsmi səfəri-YENİLƏNİB
İlham Əliyev Litvaya işgüzar səfərə gəlmişdir
Prezident İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşıladılar.
İlham Əliyev Vilnüsdə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür
Prezident İlham Əliyev Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyevin və Latviya Prezidenti Andris Berjinsin görüşü olmuşdur
Vilnüsdə Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olmuşdur
Vilnüsdə Prezident İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev işçi naharda iştirak etmişdir
Vilnüsdə “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən dövlət, hökumət və nümayəndə heyəti başçıları üçün noyabrın 28-də qeyri-rəsmi işçi nahar verilmişdir.
Prezident İlham Əliyev işçi naharda iştirak etmişdir.
İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edir
Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitinin rəsmi açılışı olmuşdur.
Prezident İlham Əliyev Sammitdə iştirak edir.
Dövlət başçısını Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu qarşıladılar.
Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdikləri sammiti Litva Prezidenti Dalya Qribauskayte açaraq qonaqları salamladı.
Sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu çıxış etdilər.
Daha sonra imzalanma mərasimi oldu.
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı.
Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.
Sammitin iştirakçıları birgə foto çəkdirdilər.
Tədbir işini plenar iclasla davam etdirir.
İki ildən bir təşkil edilən “Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada, ikincisi isə 2011-ci ilin sentyabrında Polşanın paytaxtı Varşavada keçirilmişdir.
İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi. Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu.
İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
İlham Əliyev Vilnüsdə İspaniyanın Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür.
Baş nazir Mariano Rahoy Brey dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. O, İspaniya Kralının salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulandı. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Krala çatdırmağı xahiş etdi.
İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu.
Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi.
X X X
Bununla da noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatdı.


















