İmişlidə qatar aşdı
“Azərbycan Dəmir Yolları” fövqəladə və böhran vəziyyətlərində hansı təhlükəsizlik tədbirlərinin görülməsini sınaqdan keçirib.
XALQ.AZ-ın məlumatına görə, İmişlidə Mülki Müdafiə Qüvvələrinin təlimi zamanı şəxsi heyətin çevikliyi yoxlanılıb.
İmişli dəmir yolu qovşağında gün həyəcan siqnalı ilə başladı. Həyəcana səbəbsə, yük vaqonlarının aşması, güclü yanğın və insanların xəsarət alması xəbəri idi.
Amma bu fövqəladə vəziyyət Mülki Müdafiə Qüvvələrinin təlimi zamanı baş verirdi. Səhər saatlarında 6 bal gücündə şərti olan zəlzələ nəticəsində bir yük vaqonunun aşması, digərinin relsdən çıxması, eləcə də elektrik dirəklərinin aşması, yanğın, yaralılar və ölənlər barədə xəbərin verilməsindən sonra hadisə yerinə kəşfiyyat manqaları daxil oldu. Fövqəladə halın baş verdiyi ərazi mühafizə idarəsinin və İmişli xətt polisinin əməkdaşları tərəfindən çəpərləndi.
Yanğın qatarı ilə hadisə yerinə çatan yanğınsöndürənlər alovu söndürdükdən sonra əraziyə xilasedicilər daxil oldu.
Şərti yaralılar dərhal yaxınlıqdakı tibb məntəqəsinə aparılaraq ilkin tibbi yardım göstərildikdən sonra, təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşdırıldı.
Daha sonra ərazidə bərpa tədbirləri görüldü.
Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttiş İsa Quliyevin sözlərinə görə, birinci növbədə təmas şəbəkəsində təmas xətti bərpa olundu: “Sonra dəmir yolu xətti zədələnmişdi şərti olaraq 40 metr bərpa işi yerinə yetirildi. Relsdən düşmüş və çevrilmiş voqonlar bu dəqiqələrdə qaldırılır. Bunula da yekunlaşır”.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirdilər ki, bu tip təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı Mülki Müdafiə Qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi və düzgün idarə olunması bacarıqlarının təkmilləşdiriməsidir.











