“İnsan hüquqları” adı altında siyasi təsir əməliyyatı: Avropada yeni qalmaqal
Avropa siyasətində ikili standartlar və qaranlıq münasibətlər ətrafında müzakirələr səngimək bilmir. Minval Politika tərəfindən yayılan son videogörüntülər isə bu dəfə məsələni daha ciddi müstəviyə çıxarıb. Ortaya çıxan materiallar Avropa institutlarında erməni lobbi şəbəkələrinin təsir imkanlarını, eləcə də Avropa İttifaqının yüksək siyasi dairələrində mümkün korrupsiya və koordinasiya əlaqələrini gündəmə gətirir.
Videolarda BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru və onun oğlu yer alır. Diqqət çəkən əsas məqam odur ki, hər iki şəxs regionla bağlı planlarını və istifadə etdikləri mexanizmləri kifayət qədər açıq şəkildə dilə gətirir.
Luis Moreno Ocampo Azərbaycan ictimaiyyəti üçün yad fiqur deyil. Vaxtilə beynəlxalq hüquq platformalarında fəaliyyət göstərmiş bu şəxs son illərdə erməni lobbi dairələrinin əsas təbliğat fiqurlarından birinə çevrilib. Onun fəaliyyəti uzun müddətdir manipulyativ iddialar, dezinformasiya, Azərbaycana qarşı qərəzli ritorika və dini-etnik həssaslıqlar üzərindən qurulan kampaniyalarla müşayiət olunur.
Burada diqqət çəkən vacib detal ondan ibarətdir ki, beynəlxalq hüquq institutlarında çalışmış şəxslərin sonradan açıq siyasi-lobbi fəaliyyətinə qoşulması artıq qlobal siyasətdə yeni tendensiyaya çevrilir. Bu isə beynəlxalq hüquq sisteminə olan etimadı zəiflədir. Çünki hüquq müdafiəçisi və ya beynəlxalq prokuror statusu daşıyan şəxslərin siyasi sifarişlərlə əlaqələndirilməsi həmin institutların obyektivliyinə ciddi zərbə vurur.
Ancaq son materiallarda diqqət çəkən məsələ artıq təkcə anti-Azərbaycan təbliğatı deyil. Burada Avropa institutları daxilində qurulan siyasi təsir mexanizmləri və regiona yönəlmiş koordinasiyalı hibrid müdaxilə elementləri görünür.
Xüsusilə Tomas Moreno Ocamponun Ermənistanın daxili siyasi vəziyyəti barədə dedikləri ciddi rezonans doğurur. O, açıq şəkildə bildirir ki, əsas məqsədlərdən biri Ermənistanın Baş naziri hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu açıqlama göstərir ki, proses yalnız Azərbaycana qarşı kampaniya ilə məhdudlaşmır. Əsl hədəf regionda yaranmaqda olan yeni siyasi balans və normallaşma prosesidir.
Əslində, bu məqam xüsusilə vacibdir. Çünki regionda sülhə ən böyük təhlükə bəzən birbaşa hərbi risklərdən yox, məhz siyasi manipulyasiya və xarici müdaxilə cəhdlərindən qaynaqlanır. Ermənistan daxilində siyasi sabitliyi pozmağa yönələn çağırışlar həm İrəvan, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni risklər yarada bilər.
Daha böyük rezonans doğuran hissə isə Luis Moreno Ocamponun Avropa strukturları ilə bağlı dedikləridir. O, komandasında əvvəllər Avropa Parlamentində çalışmış və ilə əlaqəli şəxsin yer aldığını bildirir. Hətta həmsöhbətin “Borrel?” sualına tərəddüdsüz şəkildə müsbət cavab verir. Daha sonra isə bu əlaqələr vasitəsilə Avropa Parlamentində təsir imkanlarından, proseslərə müdaxilə etməkdən və hətta üzərində təzyiq formalaşdırmaq imkanlarından danışır.
Bu açıqlamalar sıradan lobbiçilik fəaliyyətindən daha ciddi mənzərə yaradır. Çünki burada Avropa institutlarının daxilində müəyyən siyasi şəbəkələrin region siyasətinə təsir etməsi ilə bağlı iddialar görünür. Xüsusilə Avropa Ədalət Məhkəməsi vasitəsilə Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış müqavilələrin hədəfə alınması planlarının səsləndirilməsi diqqətdən yayınmır.
Burada başqa bir vacib məsələ də ortaya çıxır: Avropa uzun illər dünyaya hüquq və şəffaflıq modeli kimi təqdim olunub. Lakin son illərdə Avropa Parlamentində baş verən korrupsiya qalmaqalları, lobbiçilik ittihamları və xarici təsir iddiaları göstərir ki, Avropa institutlarının özü də ciddi etimad böhranı yaşayır. Bu səbəbdən belə iddialar artıq əvvəlki kimi tamamilə inanılmaz görünmür.
Ocamponun açıqlamalarından görünür ki, məqsəd Avropa Komissiyasına hüquqi və siyasi təzyiq göstərərək Azərbaycanla əməkdaşlıq formatlarını zəiflətməkdir. Bu prosesdə əsas vasitə kimi isə yenə “insan hüquqları” mövzusundan istifadə edilir. Halbuki burada hüquqdan daha çox siyasi manipulyasiya elementləri ön plana çıxır.
Danışıqlarda ABŞ-dakı erməni lobbi dairələri ilə birgə fəaliyyət və təzyiq kampaniyasının genişləndirilməsi məsələsinin müzakirə olunması da prosesin koordinasiyalı xarakter daşıdığını göstərir. Görünən odur ki, məqsəd yalnız Azərbaycanın mövqelərinə zərbə vurmaq deyil. Burada regionda sabitliyin pozulması, sülh gündəliyinin zəiflədilməsi və idarə olunan gərginlik mühitinin saxlanılması cəhdi hiss olunur.
Müasir beynəlxalq münasibətlərdə “insan hüquqları” mövzusunun selektiv şəkildə istifadə olunması artıq yeni siyasi texnologiyaya çevrilib. Bəzi hallarda bu anlayış universal hüquqi prinsipdən çox, geosiyasi təzyiq aləti kimi tətbiq edilir. Eyni hadisələrə müxtəlif ölkələrə münasibətdə fərqli yanaşmalar da bunu açıq şəkildə göstərir.
Bu isə artıq olduqca təhlükəli tendensiyadır. Çünki söhbət təkcə informasiya kampaniyasından yox, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərindən və regional təhlükəsizlik balansına təsirdən gedir. Əgər ortaya çıxan məlumatlar həqiqəti əks etdirirsə, bu halda Luis Moreno Ocamponun fəaliyyəti erməni lobbi şəbəkələrinin maliyyə və siyasi dəstəyi ilə həyata keçirilən genişmiqyaslı təsir əməliyyatı kimi görünür. İddialara görə, bu prosesə bəzi Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxları da cəlb olunub.
Ən həssas məqamlardan biri isə odur ki, bu kampaniyada adı hallanan əsas fiqurlardan biri Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell və onun ətrafıdır. Əgər bu iddialar təsdiqlənərsə, bu artıq təkcə fərdi fəaliyyət məsələsi olmayacaq. Burada Avropa institutlarının neytrallığı və etibarlılığı ilə bağlı ciddi reputasiya problemi ortaya çıxacaq.
Baş verənlər klassik diplomatik fəaliyyət və ya hüquq müdafiəçiliyi çərçivəsinə sığmır. Bu, informasiya manipulyasiyası, beynəlxalq institutlar vasitəsilə hüquqi təzyiq, siyasi lobbiçilik, media kampaniyaları və daxili siyasi proseslərə təsir cəhdlərini özündə birləşdirən hibrid müdaxilə modelidir.
Yaxın gələcəkdə bu cür informasiya əməliyyatlarının daha da artacağı istisna deyil. Çünki texnologiyanın inkişafı ilə paralel olaraq siyasi manipulyasiya imkanları da genişlənir. Buna görə də belə məsələlərdə həm informasiya təhlükəsizliyi, həm də beynəlxalq hüquqi mexanizmlərin şəffaflığı daha böyük əhəmiyyət qazanır.
İndi əsas sual budur: Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları bu iddiaları araşdırmağa hazırdırmı? Əgər Avropa həqiqətən hüququn aliliyini və şəffaflığı müdafiə etdiyini iddia edirsə, o zaman ilk növbədə öz daxilindəki siyasi təsir və lobbi şəbəkələrinə münasibət bildirməlidir.
Əks halda “insan hüquqları” anlayışı beynəlxalq hüququn universal prinsipi kimi deyil, siyasi təzyiq və hibrid müdaxilə aləti kimi qəbul olunmağa davam edəcək.
Fərid Şahbazlı










