Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi dayağıdır
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali vəzifəsi kimi müəyyən edən ən mühüm hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş bu tarixi sənəd xalqın suveren iradəsini ifadə etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi əsaslar üzərində inkişaf istiqamətini müəyyən edib. Konstitusiyada insan hüquq və azadlıqları beynəlxalq hüququn ümumi prinsiplərinə əsaslanaraq təsbit olunub. Əsas Qanunun ikinci fəslində hər bir vətəndaşın bərabər hüquqa malik olması, fikir və söz azadlığı, din, vicdan, mülkiyyət, təhsil, əmək, sosial təminat, ədalətli məhkəmə müdafiəsi və digər fundamental hüquqlar əksini tapıb. Bu müddəalar təkcə hüquqi norma deyil, həm də dövlətin və cəmiyyətin mənəvi dayaq sütunlarını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya Azərbaycan xalqının hüquq və azadlıqlarının real təminatına çevrilib. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dövləti üçün əsas məqsəd insan amilidir, insanın rifahıdır, azadlığıdır” fikri bu sənədin ruhunu və məzmununu dərin şəkildə ifadə edir. Bu baxımdan, Konstitusiya həm də insan mərkəzli idarəetmə fəlsəfəsinin hüquqi əsasını qoymuşdur. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu prinsiplərin daha da təkmilləşdirilməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü ilə keçirilmiş konstitusiya islahatları nəticəsində vətəndaş cəmiyyətinin formalaşması, dövlət orqanlarının şəffaf fəaliyyəti, ictimai nəzarət və sosial ədalətin bərpası istiqamətində mühüm hüquqi mexanizmlər yaradılıb. Əsas Qanunun 12-ci maddəsində “İnsanın və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” müddəasının yer alması təsadüfi deyil. Bu prinsip Azərbaycan dövlətinin bütün hüquqi-siyasi sisteminin mərkəzində dayanır. Hər bir qanun, qərar və dövlət proqramı məhz bu ali məqsədin həyata keçirilməsinə xidmət edir. Azərbaycan bu gün beynəlxalq səviyyədə insan hüquqlarına hörmət edən, onların müdafiəsini təmin edən nümunəvi dövlətlər sırasında yer alır. Konstitusiya Məhkəməsinin, Ombudsman institutunun, müstəqil məhkəmə sisteminin fəaliyyəti vətəndaşların hüquqlarının təminatı üçün möhkəm hüquqi zəmin yaradır. Dövlətin sosial siyasəti, təhsil və səhiyyə sahəsində həyata keçirilən islahatlar, şəffaf idarəetmə və elektron xidmətlərin inkişafı insan hüquqlarının praktiki təminatına yönəlib. Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının inkişafı da Konstitusiyanın prinsiplərinə əsaslanır. QHT-lərin, kütləvi informasiya vasitələrinin, könüllü hərəkatların və ictimai şuraların fəaliyyəti dövlətin insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin ayrılmaz hissəsidir. Bu modelin əsas məqsədi vətəndaşın dövlətin qərar qəbul etmə prosesində iştirakını təmin etmək, hüquq mədəniyyətini yüksəltmək və demokratik idarəetməni gücləndirməkdir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dövləti üçün ən ali məqsəd insanın layiqli həyatını təmin etməkdir. Bunun üçün isə hüquq, ədalət və bərabərlik prinsipləri əsas şərtdir.” Bu çağırış Konstitusiyanın ruhuna və məqsədinə tam uyğun gəlir. 12 Noyabr – Konstitusiya Günü təkcə dövlətin əsas qanununun qəbul tarixi deyil, həm də insan hüquq və azadlıqlarına hörmətin, vətəndaş mədəniyyətinin və hüquqi düşüncənin təntənəsidir. Hər bir azərbaycanlı üçün bu gün azadlıq, ədalət və milli birliyin bayramıdır. Azərbaycan Respublikasının Konstitusiyası gələcək nəsillər üçün də əbədi dəyər kimi qalacaq – hüquqi dövlətin, güclü vətəndaş cəmiyyətinin və insan azadlığının təminatçısı olaraq.
Şahin Seyidov
Millət vəkili










