media-sahinn

 

 

28 may 2025-ci il tarixində Laçında yaşananlar təkcə bir tədbir deyildi. Bu gün Azərbaycanın tarixində bir millətin əzmini, iradəsini və qələbəyə inamını nümayiş etdirən möhtəşəm hadisə kimi yadda qalacaq. Elə bir gün ki, Laçının azad nəfəsi təkcə dağlara, dərələrə deyil, bütün dünyaya yayıldı. Prezident İlham Əliyevin liderliyi ilə baş tutan bu tarixi tədbir, Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və beynəlxalq dostluğunun canlı sübutuna çevrildi. Bu gün Laçında səhnəyə çıxan üç lider – Azərbaycanın Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif – birliyimizin üç sütununu təmsil edirdilər. Bu üç qardaş ölkə bir daha nümayiş etdirdi ki, tarix, dil, din və mədəniyyət birliyi siyasətin də, gələcəyin də mayasıdır. Prezident İlham Əliyevin sözləri səmimi idi, qürurlu idi: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq.” Bu, sadəcə diplomatik cümlə deyildi – bu, tarix boyu sübut edilmiş bir həqiqət idi. Qarabağ savaşı zamanı Türkiyənin və Pakistanın bizə verdiyi dəstək bizim ruhumuzu dirçəltdi, gücümüzə güc qatdı. Bu gün Laçında bir araya gələn liderlər həmin qardaşlıq andının yeni səhifəsini açdılar. Prezident İlham Əliyevin çıxışının ən sarsıdıcı məqamlarından biri Laçının 30 illik işğal tarixinin xatırladılması idi. O şəhər ki, bir vaxtlar qaranlığa qərq edilmişdi, bu gün nur içində idi. O şəhər ki, zamanında düşmənin caynağına keçmişdi, bu gün qardaşların qucağında idi. “30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır,” – deyə Prezident İlham Əliyev vurğuladı. Həqiqətən də bu tədbir sadəcə bir zirvə görüşü deyildi. Bu, haqqa qovuşmanın, ədalətin bərpasının simvolik təqdimatı idi. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi ağrıları da öz əksini tapdı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk demokratik respublika – cəmi iki il yaşaya bildi. 1920-ci ilin aprelində müstəqilliyimiz əlimizdən alındı, Qərbi Zəngəzur isə noyabrda Ermənistana verildi. Bu, təkcə coğrafi itki deyildi, bu, milli yaddaşımıza vurulmuş ağır zərbə idi. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, xalqımız bu cür ədalətsizliklərə qarşı heç zaman boyun əymədi. Biz illərlə güc topladıq, öz haqq işimizi qlobal miqyasda ifadə etdik. Biz təkcə silah gücü ilə deyil, milli iradə ilə mübarizə apardıq. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı bir daha sübut etdi ki, heç bir güc onun iradəsini qıra bilməz. “Bir gün belə geri addım atmamışdıq,” – dedi Prezident İlham Əliyev. Həqiqətən də hər gün bir kənd, bir şəhər azad edildi – Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa! Və Şuşanın azadlığı ilə birlikdə tarix dəyişdi, Ermənistan təslim oldu, Laçın bir güllə atılmadan geri qaytarıldı. Bu gün Laçında çıxış edən Prezident İlham Əliyev, sadəcə qələbədən danışmadı – o, bu qələbənin təməlini qoyan şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi, analarımızı, gənclərimizi yad etdi. Çünki bu zəfər xalqın zəfəri idi. Bu gün artıq təkcə torpaq azad edilməklə iş bitmir. Laçın və bütövlükdə Qarabağ, Şərqi Zəngəzur bərpa edilir. Bu torpaqlarda yenidən həyat canlanır: yeni yollar, yeni evlər, yeni məktəblər, yeni ümidlər. Prezident İlham Əliyev bildirdi ki, artıq 43 minə yaxın insan azad edilmiş ərazilərdə yaşayır. Bu, sadəcə rəqəm deyil. Bu, köçkün yurduna dönən anaların göz yaşları, məktəbə gedən uşaqların gülüşləri, torpağı yenidən becərən əllərin zəhmətidir. Azərbaycan öz torpaqlarında nəinki yaşayır, həm də dirçəlir. Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq vurğulanan məqamlardan biri də bu tədbirin beynəlxalq aləmə verdiyi aydın siqnal idi. “Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək,” – deyə o bildirdi. Bu çıxışın hər cümləsi təkcə siyasi deyil, həm də mənəvi və milli dəyər daşıyırdı. Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan yalnız qələbə qazanmır – Azərbaycan həm də mədəniyyətini, mənəviyyatını, haqq səsini dünyaya çatdırır. Prezident İlham Əliyevin nitqinin sonunda səsləndirdiyi “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” çağırışı təkcə bir şüar deyil, bir istiqamətdir. Bu çağırış üç ölkənin gələcəyini bir yola, bir ideala bağlayır. Və bu yolun başlanğıcı Laçındadır – azad, suveren, möhtəşəm Laçın! Bu gün Azərbaycan təkcə öz tarixini yenidən yazmır – o, həm də bölgədə yeni bir sabahın şəfəqini çəkir.

Şahin Seyidzadə

Millət vəkili 


media-728x90banner

Bənzər xəbərlər