media-qaa

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

  Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verib.

Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olunub.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.

 

*****

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.

XALQ.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat veriblər.

Bildirilib ki, 1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında – yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini başa çatdırmağı nəzərdə tutur.

Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

 




 

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.

XALQ.AZ xəbər verir ki, Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək.

Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.

Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.

Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.

Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

 




*****

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.

Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyəti ilə bağlı məlumat verilib.

Qeyd edilib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.

Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verib.

Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.

 




media-728x90banner

Bənzər xəbərlər