Qarabağ zəfəri

XIX əsrin sonu – XX əsrin əvvəlləri: 1905-1906, 1918-1920… və  XX əsrin sonu – XI əsrin əvvəlləri: 1988, 1990, 1992, 31 Mart (1918), Xocalı (26 fevral 1992) soyqırımıları, Daşaltı faciəsi (26 yanvar 1992)… Azərbaycan təkcə göstərilən tarixlərdə deyil, demək olar, bütün zamanlarda erməni vandalizminə, erməni talanına, soyqırımına, torpaq işğalına, miqyası hüdudsuz amansız işgəncələrə, dilə gətirilməsi belə mümkün olmayan dəhşətli terrora məruz qalıb.

Tarixə baxaq: XIX əsrin əvvəlləri – Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı və ermənilərin tədricən ərazilərimizə köçürülməsi ilə soydaşlarımızın deportasiyasına, soyqırımı faciələrinə gedən yolun başlanğıcı qoyuldu; ermənilərin maddi-mədəniyyət abidələrimizi məhv edib saxta tarixlərini yazmaq üçün min cür fəsad törətmələri, hiyləgər planları. Məqsəd: Azərbaycanı dünya ictimaiyyətinə barbar ölkə kimi tanıtmaq, “yazıq erməni xalqı” obrazı yaratmaq. Bu da məkrli  siyasətin qara izlərindən, pərdəarxası görüntülərindən biri!

Qarabağ savaşının ağrı-acısını qəlbində, qəlpələrini canında gəzdirən, nümunəvi döyüş yolu keçmiş şair-publisist, Əməkdar siyasi xadim, I Qarabağ müharibəsi veteranı, Zəfər və digər orden-medallara layiq görülmüş Salman Qazinin ziyarətindəydim. Söhbətimiz zamanı o da rusların döyüş boyu ermənilərə hələ ilk Qarabağ müharibəsində dəstək verməsindən bəhs etdi. Qazimizin söylədiklərindən:

“O vaxt bizimlə vuruşan ermənilər deyildi, ruslar idi. Ruslar bütün texnikalarımızı, istehkamlarımızı, mühəndis qurğularımızı sıradan çıxarandan sonra ermənilərin köməyinə gəlib bizə hücum edirdilər. Bu haqda faktlar çoxdur, Daşaltı, Şuşa ətrafındakı rus diversantları  buna misaldır. Ordu birliyi vaxtları uğurlu əməliyyatlarımız olurdu, xüsuslə də Füzulidə. Ermənilərin çoxlu texnikasını, helikopterlərini, təyyarələrini sıradan çıxarırdıq. Lakin sonrakı  ordu birliyinin olmaması, texnika çatışmazlığı  üzündən bizimkilər tutduqları mövqelərdən də geri çəkilmək məcburiyyətində qalırdılar. Şir ürəkli, şir biləkli oğullarımız döyüş zamanı çox çətinlik çəkirdilər. Səbəb, dediyim kimi, daxili çəkişmələr, hər kəsin bir batalyon yaratması, orduda parçalanma və s. idi.

Belə vəziyyət 1993-cü ilədək çəkdi. Ermənilər yaxşı silahlanmış, havadarlarının dəstəyi ilə qüvvə toplamışdılar, ələlxüsus, törətdikləri Xocalı soyqırımından sonra onlar daha da azğınlaşmışdılar. Bəli, ruslar ermənilərə əllərindən gələn köməyi edirdilər. Lakin 1994-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu əməliyyatlar keçirdik: Horadiz, Füzulu, Cəbrayıl istiqamətlərindəki əməliyyatlarımızdan sonra ermənilər gördülər ki, artıq Azərbaycan ordusu yaranır, formalaşır. Ona görə də onlar atəşkəsə getməyə məcbur oldular.

Rəhmətlik Heydər Əliyevin məqsədyönlü siyasəti, hərb sahəsinə xüsusi diqqəti  sayəsində artıq bu gün ordumuz dünya səviyyəsində nümunəvi ordular sırasındadır və belə bir döyüşkən ruhlu igidləri özündə birləşdirən, həmçinin ən müasir döyüş avadanlıqları (qələbəmizin qazanılmasında önəmli rol oynamış pilotsuz uçuş aparatlarını – “Bayraktar”ları misal göstərmək kifayətdir məncə) ilə təchiz olunmuş ordunu əzmək, əymək qeyri-mümkündür.

Bəli, Ali Baş Komandanımız başda olmaqla, yenilməz ordumuz 30 illik yurd həsrətimizə son qoydu – 44 günlük Vətən müharibəsi Zəfərimizlə nəticələndi. Torpaqlarımızı azad etdik. Lakin ruslar “sülhməramalı” adı altında yenə bizə mane oldular, qalan torpaqlarımızı almaq üçün vuruşmağa imkan vermədilər. Bərdəyə, Gəncəyə, Bakı ətrafına düşən raketlər də rusların əli ilə ermənilər tərəfindən atılırdı. Prezidentimiz bütün bunları nəzərə alıb çox qan tökülməsin deyə qırğına getmədi və yürütdüyü səlis siyasətlə xalqımızın müdafiəsini təmin etdi: çünki bir nüans da vardı ki, əgər Xankəndiyə və ermənilər yaşayan başqa məntəqələrə girsəydik, onlar “azərbaycanlılar bizə soyqırımı yaşatdılar”, – deyə dünyada şivən qoparacaqdılar və bu da bizim üçün çətin bir vəziyyət yaradacaqdı.

Bir şeyi yenə vurğulamaq istərdim: Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla imzaladığı Şuşa bəyannaməsindən sonra ruslar zahirdə özlərini yığışdırsalar da, gizlində yenə öz çirkin siyasətlərindən əl çəkmirlər. Lakin bütün bunlara baxmayaraq prezidentimizin apardığı siyasət nəticəsində hər şey öz qaydasına düşəcək, ermənilər bu gün-sabah Laçını da boşaldacaq, Xankəndidən də, Əsgərandan da çıxacaqlar. Çünki onlar çox yaxşı bilirlər ki, müvəqqəti məskunlaşdıqları torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. İndi həmin yerlər bizim nəzarətimizdədir və hər şeyin zamanı var. Prezidentimiz demişkən, Göyçəyə də gedəcəyik, İrəvana da. Rusların himayəsi ilə ermənilərin bizdən zorla aldığı torpaqlarımızı geri qaytaracağıq. Buna tam əminəm. Çünki ermənilər Qafqaza sonradan gəlmədirlər, onların nə torpağı, nə vətəni olub. İrəvan xanlığı, Dərələyəz, Vedibasar, Dağ Borçalısı…, hamısında azərbaycanlılar yaşayıb.

Əfsanəvi igidlərimizdən danışım: Azərbaycan oğlu şəhid olanda öz qanını özü alıb, yəni 15-20 erməni dığasını öldürəndən sonra şəhid olub. Döyüş həyatımda mən bunun dəfələrlə şahidi oldum. Allah rəhmət eləsin, Əlif Hacıyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullarımıza. Yəhudi əsilli Azərbaycan vətəndaşı Albert Aqarunov, rusəsilli Yuri Kovalyov və başqa millətlərdən olan Azərbaycan vətəndaşları Vətənimizin müdafiəsi naminə çiyin-çiyinə vuruşub, kişi kimi öz sözlərini dedi. Və onların şücaətinin nəticəsi olaraq biz bu gün qələbəmizi qeyd edirik.

Gənclərimizə tövsiyəm nədir: heç vaxt güllədən, ölümdən qorxmasınlar. İgiddən ölüm qaçaqdır, Vətənimizin bütövlüyü, toxunulmazlığı igidlərə söykənir. Və nə xoş ki, bu gün sağlam düşüncəli, dönməz əqidəli, möhkəm iradəli, vətənpərvər övladlarımız var. Azərbaycanımızın gələcəyi onların əlindədir”.

Qazimizdən ayrılandan sonra yolboyu yarıkədərli, yarıxoş düşüncələr tərk etmədi məni: 30 il torpaq həsrətini, yağmalanmış yurd kədərini yaşatdıq gözümüzdə; Əliflər, Asiflər, Mirələmlər, Albertlər, Poladlar, Mübarizlər, Əbülfəzlər, Fəridlər, Fikrətlər, Elmirlər, Səyyadlar, Kamillər… itirdik. Amma sınmadıq, əyilmədik, əzilmədik, ümidlə yaşadıq və bu ümidlə illərdir “ağalarından” təlim görmüş xain ermənilərin öz torpaqlarımızda özümüzə qarşı qurduqları istehkamları başlarına uçurduq, 44 günlük Vətən müharibəsi ilə düşmənin yalançı müqavimətini qırdıq, özləri haqda uydurduqları “döyüşkən millət” mifini darmadağın etdik. Belə də olmalı idi. Çünki Azərbaycan Beyrəklər, Salur Qazanlar, Babəklər, Çingiz xanlar, “bir ölüb min dirilərik” hayqıran ərənlər diyarıdır, Azərbaycan türkün gücünü göstərən, düşməni diz çökdürən,  Ali Baş Komandanının DƏMİR YUMRUĞunda birləşib dünyaya mərdlik dərsi keçən yenilməz, mənəvi dəyərlərinə sadiq, mayası vətənpərvərlik ruhu ilə yoğrulan oğulların Vətənidir.  Bir də axı dizi daş, gövdəsi sıldırım qayaları, zirvəsində qar əriməz dağları, vuruşuyla, ifasıyla  dastanlaşan Xudayarı,  qələmiylə erməniyə döyüş açan, bu yolda da şəhid düşən Məhərrəmi, Siracları olan torpaq basılarmı heç? – Əsla!

P.S.“Şəhid ruhlarının harayı”, “Ruhumuzdan küsür ruhlar”, “Qanadı qandallı qartalım”, “Gövdəsi çidarlı çinarım” və s. o vaxtlar  – Qarabağımızın, Şuşamızın əsirlik illərində ürək ağrısı ilə qələmə aldığım və mətbuatda dərc olunan yazılarımdandır. Həmçinin köçkün, məşəqqətli, acı həyat yaşayan soydaşlarımızdan, onların məişət qayğılarından, yurd nisgilindən bəhs edən mövzular da keçib qələmimdən. Özü də o sətirləri göz yaşımla “suvara-suvara”, qələmimi qəlbimə sıxa-sıxa yazmışam. Amma şükür, Zəfər artıq bizimlədir. İntellektual səviyyəli, hərbin sirlərinə dərindən yiyələnmiş oğullarımız sayəsində Qarabağımıza, Şuşamıza qovuşmuşuq. İndi göz yaşlarım sevincin, qalibiyyətin təntənəsindən yoğrulub yanağıma süzülür. Torpaqlarımız, ulu ocaqlarımız uğrunda canından keçən yüzlərlə, minlərlə şəhidimizin ruhu nigaran, narahat olmaz daha. Çünki onların qanı, qisası alındı, çünki artıq QARABAĞ AZƏRBAYCANDIR!

  Yeganə Məmmədova,

“İşıq” Qadın jurnalının redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim etmək üçün verilir.

 


media-728x90banner

Bənzər xəbərlər