Paris-2024 Olimpiya və Paralimpiya Oyunlarının maskotlarının Anadolunun qədim və qüdrətli Frigiya Krallığından ilhamlanaraq hazırlandığı ortaya çıxıb.

XALQ.AZ xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin məlumatına əsasən, Olimpiya və Paralimpiya maskotu bir vaxtlar frigiyalıların geyindiyi papaqlara bənzər şəkildə hazırlanıb, Fransa bayrağının rəngləri olan mavi, ağ və qırmızı rənglərlə bəzədilib. Qədim Anadolu Krallığının – Frigiyanın mədəni irsini əks etdirən maskotlar eyni zamanda cizgi filmi “Şirinlər”in papaqlarını xatırladır və azadlıq rəmzini əks etdirir.

m2

Frigiyalıların Balkanlardan qərb-mərkəzi Anadolu torpaqlarında, indiki Türkiyənin Ankara, Afyonkarahisar, Əskişəhər və Kütahya vilayətlərini əhatə edən geniş bir bölgəyə köç etdiyi güman edilir. Eramızdan əvvəl 12-ci əsrdə Hetit İmperatorluğunun dağılması ilə yüksələn bu qədim xalq paytaxtlarını 2023-cü ildə Türkiyənin UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Qordion bölgəsində tikiblər. Frigiyanın siyasi və mədəni paytaxtı kimi tanınan Qordion  bir çox qədim tarixçilərin danışdığı Qordi düyünü rəvayəti ilə bağlıdır. Rəvayətə görə, düyünü yalnız Asiyanın gələcək fatehinin açacağına inanırdılar. Həmçinin, şəhər bir vaxtlar mifologiyada “eşşək qulaqları” və “qızıl toxunuşu” ilə lənətlənmiş Kral Midasın hakimiyyəti altında olub.

Olimpiya maskotuna ilham verən Frigiya papağına ilk dəfə Qordionda süvarilərin oyma təsvirində rast gəlinib. Həmçinin, Kral Midas tez-tez Frigiya papağı taxmış kimi təsvir edilirdi, bir əfsanəyə görə isə o, hətta uzun qulaqlarını örtmək üçün belə geyinirdi.

Azadlıq simvolu

Mənşəyi minlərlə il əvvələ gedən Frigiya papağı və ya “azadlıq papağı” Roma həyatı və hətta Fransa inqilabı kimi dövrlərdə yeni görünüşlər qazanıb. Qədim Romada əsarət altına alınan insanlar azad edildikdən sonra Frigiya papağına bənzər papaq olan pileus taxırdılar. Zamanla pileus və Frigiya papağının eyni olduğu güman edilir və azadlığı simvolizə edən təsirli ikona çevrilir. XVIII əsr fransız inqilabçılar da bu papaqları azadlıq simvolu kimi taxırdılar. Fransız inqilabından sonra Frigiya papağı incəsənətdə, rəsmlərdə və heykəllərdə əks etdirilirdi. Papağın tarix boyu fransızlar üçün məşhur simvolu olaraq qalması onu builki Olimpiya Oyunlarının maskotuna çevirib.

m3

Frigiyalıların Anadoludakı tarixi vətəni bu gün “Frigiya Vadisi” adlandırılır. Vadi Frigiya qaya abidələrinin möhtəşəm nümunələri ilə dünya miqyasında unikal bir mənzərədir. Ərazi frigiyalıların dini ayinlərinin və sosial həyatının izlərini saxladığı üçün universal əhəmiyyət kəsb edir. Kütahya, Afyonkarahisar, Ankara və Eskişehri əhatə edən Dağlı Frigiya Bölgəsi 2015-ci ildən UNESCO-nun Dünya İrs Siyahısındadır. Bu bənzərsiz mənzərəni gəzinti və velosiped yolları ilə araşdırmaq mümkündür.

 


media-728x90banner

Bənzər xəbərlər