“Q A L A N” K İ T A B
Hərdən oturub düşüncələrə dalanda, həyatda keçdiyim enişli-yoxuşlu yollara nəzər salanda Böyük Yaradana dönə-dönə şükür edirəm. Və bir daha əmin oluram ki, Uca Rəbbim hər bir yaratdığını qoruyurmuş. İnsanlara bu həyatda çox qiymətli nemətlər bəxş edirmiş. Əlbəttə, insan oğlu bütün bunları kamilləşməyə doğru gedərkən anlamağa başlayır. Mən ”qiymətli nemətlər bəxş edirmiş” deyərkən sərvəti, dünya malını nəzərdə tutmuram. Çünki, qəlbində Allah sevgisi, daxilində yüksək əxlaq olanlar üçün ”qiymətli nemətlər” tamam fərqli məfhumlardı. Bunlar, Allahdan qeyri kimsəyə möhtac olmamaqdı, sağlıqdı, qayğıkeş, düzgün yol göstərən ata-anadı, namuslu ömür-gün yoldaşıdı, qədirbilən övladlardı, sədaqətli dostlardı, halal çörəkdi…
Əlbəttə, sadaladığım və sadalamadığım bu nemətlərin hər biri haqqında bir kitab dolu söz açmaq, onların insan övladı üçün necə gərəkli olduğundan bəhs etmək mümkündü. Lakin mən indi, təkcə onlardan biri haqqında danışmaq istəyirəm. O haqda danışmaq istəyirəm ki, gözlərim önündə ilbəil ucalaraq, əzəmətli bir ömür zirvəsinin üzərində dayanaraq, övladları, onu tanıyanlar üçün öz halal, zəhmətkeş, qürurlu ömrü ilə bir örnəyə çevrilib. Bu gün, şəxsən mənim üçün uşaqlıqdan başlayaraq ta bu günədək qürur yerinə, güvənc yerinə dönən atamdan, onun zəhmətlə dolu olan həyatından söz açmaq istəyirəm. Qocaman bir dağ kimi həmişə arxamda hiss etdiyim Qurban müəllimdən… Düşünürəm ki, “Haqq Dünyası”na köçməyindən bir ay keçməsinə baxmayaraq, övladından da bu fikirləri duysa, ruhu şad olar… Bir də ki, bilməyənlər xəbərdar olar…
…Mənim adım Rasimdir. Haqqında danışmaq istədiyim Qurban müəllimin böyük oğluyam. Və ömrünü halal zəhmətə, müəllimliyə həsr etmiş bu insanı da özüm üçün Allahın həmin nemətlərindən biri hesab edirəm. Qurban müəllim qazandığı ”halal adam”, ”savadlı müəllim”, ”ağsaqqal kişi”, “gözü-könlü tox insan”, ”namuslu adam”… kimi adları qazanmaq üçün, elə erkən yaşlarından başlayaraq ləyaqətli bir həyat yolu keçib. Zaman-zaman önünə çıxan çətinliklər, maneələr, ehtyaclar… Qurban müəllimi yolundan sapdıra bilməyib. Şərəfli, böyük mənada müəllim adına döğru ləyaqətli bir həyat yolu… Mən bununla fəxr edirəm.
O, 20 iyun1942-ci ildə Masallının Türkoba kəndində doğulub. 1957-ci ildə Türkoba kənd Yeddiillik məktəbini tərifnamə ilə bitirib. 1960-cı ildə Mahmudavar kəndində orta təhsilini başa vurandan sonra 2 il Bakı şəhərində tikintidə fəhlə işləyib. Orduya çağırılaraq 3 illik hərbi xidmət keçib. Söhbətlərindən məlim olurdu ki, müəllim olmaq istəyirmiş. Və bu istəklə də sənədlərini 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə verir və tələbə sevincini yaşayır. Atam Universiteti bitirəndən ta 2010-cu ilədək Masallı rayonunun Səməd Vurğun adına Türkoba kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədi. Qəlbinin istisini, gözünün nurunu verdi dərs dediyi şagirdlərinə. Onlara həyatın halal yollarını öyrətdi.
Onun zəhmətlə yoğrulmuş həyat yoluna nəzər salanda Qurban müəllimin enerjisinə, həvəsinə qibtə etməyə bilmirsən. Onun üzərinə götürdüyü hər bir işi mükəmməl, məsuliyyətlə yerinə yetirməsi, sözün əsil mənasında məni heyrətləndirir. O, hələ Sovetlər dönəmində işlədiyi Türkoba kənd orta məktəbinin ilk ”Baş müəllim”i, sonra ”Ali kateqoriyalı müəllim” oldu. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ”İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində 1-ci dərəcəli diplomlara layiq görüldü. 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 400 müəllimin iştirak etdiyi ”Qəlbimi uşaqlara verirəm” mühazirə-müsabiqəsində yenə 1-ci dərəcəli diploma və mükafata layiq görüldü. 2005-ci ildə Təhsil Nazirliyi tərəfindən ”Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildi.
Atam fransız mütəfəkkiri Balzakın belə bir fikrini tez-tez işlədirdi: ”Hər bir namuslu zəhmət sonda öz layiqli qiymətini alır”.
…Bəli, Qurban müəllim də aldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının 03 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Qurban Gülağa oğlu Qurbanova ”Əməkdar müəllim” Fəxri adı verildi.
Atam, nəinki, təkcə mənim üçün, eləcə də digər övladları üçün gözəl və qayğıkeş ata, həyat yollarını birgə addımladığı Anam Zəkiyyə xanım üçün sədaqətli, namuslu ömür-gün yoldaşı, onu tanıyanlar üçün el ağsaqqalı, nəvələri üçünsə mehriban, nəvazişli baba idi. Vətənə, el-obaya layiqli, faydalı olan 4 oğul, 1 qız yetişdirib. Atamın 11 nəvəsi var.
…Yadımdadır, 23 iyun 2012-ci il tarixində Qurban müəllimin təntənəli şəkildə 70 illik Yubileyi keçirildi. Qurban müəllimi sevənlər, şagirdləri, böyük bir müəllim kollektivi, el ağsaqqalları, kənd camaatı, Masallı rayon Təhsil şöbəsinin nümayəndələri, Bakıdan gələn qonaqlar Türkoba kəndində yerləşən ”Azəri” şadlıq sarayında Qurban müəllimin işığına toplaşdılar. Altı saat davam edən o möhtəşəm Yubiley tədbirində hamı ürək sözlərini deyib Yubilyarı təbrik etdi. Bütün bu təbriklər və minnətdarlıq Dövlət tərəfindən, Xalq tərəfindən, el-oba tərəfindən müəllim əməyinə verilən qiymətin bariz nümunəsi idi.
…Atam tez-tez Universitetdə ona dərs demiş müəllimlərindən danışar, xatirələr söyləyər və Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Əkbər Ağayev, Əli Fəhmi, Əlövsət Abdullayev, Abbas Zamanov, Muxtar Hüseynzadə, Firudin Hüseynov və digərlərini böyük bir ehtiramla yad edərdi.
…Əslində, ”Muallimun” dərs deyən yox, “öyrədən” deməkdir. Təsadüfi deyil ki, hər dərs deyənə müəllim yox, mudərris deyərlər. Mən bilirəm ki, Atam müəllim işlədiyi 40 il ərzində, təkcə dərs deməyib, həm də öyrədib, elmi şagirdlərinə mənimsədib. Mənim xəbərim var ki, o hər dəfə sinif otaqlarında şagirdləri üçün yanıb, onlara qəlbinin istisini, gözünün nurunu verib. Və mən Atamdan tez-tez eşitdiyim böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misralarının səbəbini indi daha yaxşı başa düşürəm:
Ey ürək, yananda yanma yaş kimi,
Deyərlər, o, yandı, tüstüsü qaldı.
Sən elə alış ki, sən elə yan ki,
Desinlər o yandı, istisi qaldı.
…Görkəmli şairimiz Nəriman Həsənzadə yazır ki, ”Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün”. Mən deyərdim ki, Qurban müəllim bir müəllim ömrünü yaşatmaq üçün bir insan ömrünü girov qoydu. Bunun ən böyük şahidi elə mən özüməm.
Yəqin ki, elə bu səbəbdəndir ki, mən müəllimləri çox sevirəm. Yadımdadır, 1989-cu ildə Universitetə qəbul imtahanı zamanı yazdığım inşada belə bir fikir işlətmişdim: ”Mən niyə müəllimləri bu qədər çox istəyirəm, İlahi?! Atam müəllimdir, bəlkə ona görə…” Amma zaman keçdi və anladım ki, mən müəllimləri dərk edib qiymətləndirdiyim üçün onları hamıdan çox sevirəm.
…Qurban müəllim Zəlimxan Yaqubdan da tez-tez bir sitat gətirərdi:
…Bir Qalın kitab var, bir Qalan kitab.
Yazanda elə yaz kitabını sən,
Qalından olmasın, Qalandan olsun…
Mən bu gün fəxrlə deyə bilərəm ki, mənim Atam Qurban müəllim öz ömür kitabını ”QALIN”dan yox, ”QALAN”dan yazdı.
Qurban müəllim! Mən orta məktəbdə oxuyanda qardaşlarım Azər, Natiq, Altay və bacım Gülmayədən fərqli olaraq Sən mənə dərs demədin. Bunun üçün mən Səndən küsərdim (Əlbəttə ki, gizlicə və ürəyimdə). Deyərdin ki, mən öz oğluma ”Beş” yaza bilmərəm. Bu, əlbəttə, məni mütəəssir edərdi. Çünki, mən bilirdim ki, Sən ən yaxşı müəllimlərdən birisən. Amma sonralar anladım ki, Sən mənə orta məktəbdə dərs deməsən də, mən Rasim oğluna Həyat Dərsi vermisən. Buna görə, hər şeyə görə, elə mənim Atam olduğuna görə, Tanrının mənə bir neməti olduğuna görə Sənə minnətdarlığımı və Allahıma şükrümü bildirirəm.
…ATA! Bir gün – 25 iyun 2024-cü il tarixində Sən bizi və hər şeyi tərk edərək, bu fani dünyadan köçdün, gözlərini əbədi yumdun və axirətə qovuşdun… Görkəmli şairimiz Cabir Novruzun dili ilə deyim:
…Bir gün dərdlər komamıza güc elədi,
Bir gün atam bu dünyadan köç elədi,
Atam getdi, məni qoydu mənim üçün,
Var-dövləti elə buydu mənim üçün.
Atam itdi arzuların dumanında,
Mən tək qaldım sərt taleyin amanında…
…Əslində, Sən övladlarına böyük bir var-dövlət – gözəl əxlaq, xeyirxahlıq, gözü toxluq, ədəb, bir sözlə, İNSAN olmağı miras saxladın, Atacan!..
…ATA! Artıq bir aydır ki, Sən “Haqq Dünyası”nda, öz daimi evində… bizlərsə sonu fani dünyada. Və artıq bir aydır ki, evin, ocağın, Anam, övladların, nəvələrin, şagirdlərin, dostların, səni sevən hər kəsin Sənsiz qalmış… Hüzn günlərin belə, İmam Hüseynin (ə.s.) matəm günlərinə qarışdı.
…Ruhun şad olsun, Atacan!
…Məkanın Cənnət olsun, Atacan!
…Allah Səni rəhmət eləsin, Atacan!
…Və gözün arxada qalmasın, Atacan! Sənin şərəfli, halal, ləyaqətli həyat yolunu, nəinki övladların, Almaniyada həkim işləyən Vasim, İstambulda biznes mütəxəssisi işləyən Səbuhi, SOCAR-ın əməkdaşları olan Elgün və Zəkiyyə, Bakı İnzibati məhkəməsində iclas katibi işləyən Lamiyə, Psixoloq və müəllimə olan Şükriyyə, tələbə adını şərəflə daşıyan Nəzrin, Əli bəy, Rəvan və dərs dediyin məktəbdə sənin adına layiqli şəkildə oxuyan Zəhra kimi nəvələrin davam etdirir. …Sənin üçün, elə ən böyük sərvət də bu idi.
…ATA! Sənin müqəddəs Ruhuna həsr etdiyim bu yazımı “Baş Daşı”nda yazılan Zəlimxan Yaqubun bir şeri ilə bitirirəm.
Nə ağırmış ayrılığın,
Ağır-ağır dinən Atam.
Çıraq kimi öləziyən,
Ocaq kimi sönən Atam.
Öz işində ölüm usta,
Ürək qəmdə, könül yasda.
Çiyinlərdən asta-asta
Haqq evinə enən Atam.
Yada düşür nələr-nələr…
Qəmli könül qalır mələr.
Heç kirimir xatirələr,
Xatirə yə dönən Atam…
Ruhun və məzarın qarşısında
böyük ehtiramla baş əyən,
Sənin böyük oğlun, Hacı Rasim
25 avqust 2024-cü il















