Qənirə Paşayeva Qarabağdan danışdı
Millət vəkili Qənirə Paşayeva Türkiyənin nüfuzlu “AYSHA” jurnalına Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, mədəniyyətimiz barədə danışıb.
Millət vəkili Qənirə Paşayeva geniş müsahibəsində ümummilli lider Heydər Əliyevin dediyi kimi “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur deyib. Türkiyə nə qədər güclənərsə, Azərbaycan da bir o qədər güclənər, Azərbaycan nə qədər güclənərsə, Türkiyə və Türk dövlətləri də bir o qədər güclənmiş olar deyib.
Müsahibəsində Azərbaycan torpaqlarının 20%-nin Ermənistanın işğalı altında olduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma evlərindən qovularaq məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını deyən millət vəkili Qənirə Paşayeva bu insanların haqlarının Ermənistan tərəfindən pozulmasına beynəlxalq təşkilatlar tərəfindən göz yumulduğunu deyib.
İnsanlarımızın və gənclərimizin bir-birini daha yaxşı tanımalarına ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Türkiyə və Türk dövlətlərinin ortaq tarixinin yazılmasının və onun gənclərə öyrədilməsinin vacibliyini vurğulayıb.
Qadın haqları ilə bağlı fikirlərini bölüşən millət vəkili Qənirə Paşayeva “mənim üçün qadın problemləri kimi problem yoxdur, bu problemlər qadınların deyil, bütün insanlığın və toplumun problemləridir” deyib.
Hər bir millətin inkişafında mədəniyyətin böyük önəm daşıdığını və dünyaya özünü ən yaxşı tanıtmanın mədəniyyətlə olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanda mədəniyyətin inkişafına, qorunub saxlanmasına və dünyada tanıdılmasına hər zaman böyük önəm verildiyini qeyd edib











