Qülləsiz sualtı qayıq – yeni kəşf
Çin Xalq Respublikası Şanxaydakı Jiangnan gəmiqayırma zavodunda əvvəllər məlum olmayan yeni tip sualtı qayığın inşasını həyata keçirib. Peyk görüntülərinə əsasən müəyyən edilən bu layihə son illərin ən qeyri-adi hərbi dəniz texnologiyalarından biri kimi qiymətləndirilir.
Bu barədə The War Zone məlumat yayıb.
Yeni sualtı qayığın əsas fərqləndirici xüsusiyyəti onun ənənəvi qülləyə (rubka) malik olmamasıdır. Müasir sualtı qayıqların əksəriyyətində mövcud olan bu element burada tamamilə aradan qaldırılıb. Ekspertlərin fikrincə, bu yanaşma Çinin daha sürətli, daha az səs-küylü və daha gizli bir sualtı platforma yaratmaq cəhdindən xəbər verir.
Adətən sualtı qayıqlarda qüllə periskoplar, rabitə antenaları, radar sistemləri və digər kəşfiyyat avadanlıqları üçün istifadə olunur, həmçinin su üzərində hərəkət zamanı idarəetməni asanlaşdırır. Onun olmaması isə korpusun daha aerodinamik və hidrodinamik formaya malik olmasına imkan yaradır.
Bu dizaynın üstünlükləri sırasında sualtı sürətin artması, manevr qabiliyyətinin yüksəlməsi və akustik görünməzliyin (səs-küyün azalması) yaxşılaşması göstərilir.
Məlumata görə, yeni Çin sualtı qayığının uzunluğu təxminən 120 metr, eni isə 10–11 metrdir. Bu göstəricilər onu həm dizel-elektrik sualtı qayıqlardan, həm də bəzi atom sualtı qayıqlarından daha iri edir.
Ekspertlər həmçinin onun X formalı sükan sisteminə malik olduğunu qeyd edirlər. Bu texnologiya Çinin sualtı donanmasında nisbətən yeni sayılır və daha yaxşı manevr imkanları təqdim edir.
Qayığın konkret təyinatı hələ məlum deyil. Mütəxəssislər onun yeni nəsil sürətli hücum sualtı qayığı, pilotsuz aparatların daşıyıcısı və ya eksperimental texnologiya platforması ola biləcəyini istisna etmirlər.
Qeyd olunur ki, bu, Çinin ilk belə sınağı deyil. 2019-cu ildə də qülləsiz daha kiçik bir sualtı qayığın görüntüləri yayılmışdı və onun hətta pilotsuz ola biləcəyi ehtimal edilirdi.
Analitiklərin fikrincə, əgər bu layihələr uğurlu olarsa, bu, sualtı döyüş texnologiyalarında son onilliklərin ən böyük dəyişikliklərindən birinə çevrilə bilər və qlobal dəniz balansına təsir göstərə bilər.










